Real inkişafın konturları
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Ölkəmizin üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi etdiyini bildirən cənab İlham Əliyev bu görüşün Bakıda deyil, qədim Qarabağın mərkəzində-tarixi Xankəndi şəhərində keçirilməsinin xüsusi mənası olduğunu vurğulayaraq deyib: “Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.”
Şəhərin və ətraf rayonların 30 il erməni işğalı altında olduğunu, ermənilərin bu cənnət guşəni xarabalığa çevirdiyini və nəhayət. 2020-ci ildə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi nəticəsində işğaladan azad edildiyini xatırladaraq bu gün bu torpaqların azad nəfəs aldığını bildirmiş, bölgədə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat vermişdir.
Cənab İlham Əliyev görüş iştirakçılarının diqqətinə çatdırıb ki, “İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.
Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.”
Bu gün isə bu ərazilərə öz sahibləri qayıdıb, Azərbaycan xalqına xas olan yaradıcı, qurucu xisləti ilə bu dilbər guşəni yenidən, həm də müasir dünya standartlarına uyğğun şəkildə qurur, yeni bir görkəm verir.
Qarşımızda Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması məsləsi durur. İyun ayında İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirən ölkə başçısı Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun təsdiqləndiyini qeyd edərək Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsinin qınanıldığını bilirmişdir: “Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”-deyə cənab İlham Əliyev buna əminliyini ifadə etmişdir.
Ölkəmizin başçısı tarixdə ilk dəfə keçən il COP29 konfransının ECO məkanında- gözəl paytaxtımız Bakı şəhərində keçirildiyini xatırladaraq bildirib ki, “bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.”
Cənab Prezidentin çıxışında o da xüsusi vurğulanmışdır ki, ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Zirvə görüşü ilə yanaşı, Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmiş, bu proses tarixə “ECO Həftəsi” kimi daxil olmuşdur. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması prosesinə start verilmişdir.
2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi də bu qəbildən olan əhəmiyyətli qərarlardan biridir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməsi və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə etməsinin müsbət bir tendensiya olduğunu bildirən ölkəmizin başçısı Azərbaycan iqtisadiyyatının inkişaf edən, böyüyən, investisiya üçün cəlbedici olan olduğunu diqqətə çatdıraraq son 20 ildə qoyulan investisiyanın 350 milyard ABŞ dolları, bunun da yarısının xarici sərmayə olduğunu bildirmişdir.
Bəli, bu gün Azıərbaycan iqtisadiyyatı çiçəklənir, inkişaf edir. Ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsi olaraq etibarlı dostlarımızın, müttəfiqlərimizin sayı artır, dövlətimiz bölgədə regional gücə çevrilir. Çoxvektorlu, nəticəyə hesablanmış praqmatik siyasət real inkişafa malik gələcəyə inamı artırır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini