AZ

Boyan Letiç: Bosniya və Herseqovinada Azərbaycan Premyer Liqasına dəyər verilmir - MÜSAHİBƏ

BAKI. 5 iyul. TELEQRAF

"Sabah" komandasının futbolçusu Boyan Letiç Teleqraf-ın suallarını cavablandırıb. Klubun avrokuboklarda ilk qolunun müəllifi müsahibəsində Avstriya toplanışını dəyərləndirib, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya "Tsele"sinə qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb və digər məsələlərə dair maraqlı açıqlamalar verib:

- Avstriyanın Qrats şəhərindəki təlim-məşq toplanışınız necə keçdi?
- Şərait əla idi. Gündə iki məşq keçirdik, hər məşqə maksimum motivasiya və diqqətlə yanaşır, yeni mövsümdə özümüzü sübut etmək üçün tam həvəslə çalışırdıq. Toplanışı bu gün başa vuraraq Bakıya qayıdacağıq.

- Toplanış müddətində iki yoxlama oyunları keçirdiniz, Rumıniyanın "Rapid" (Buxarest) komandası ilə 2:2, Macarıstan "Pakş"ı ilə 3:3 hesablı heç-heçə etdiniz. Təcrübəli futbolçu kimi bu görüşlərdəki çıxışınızı necə dəyərləndirərdiniz?

- Hücum baxımından yaxşı göründük, amma müdafiədə daha yaxşı olmalıyıq. Komandada yeni futbolçular var və hər şey dərhal mükəmməl ola bilməz. Əsas olan addım-addım irəliləməkdir. İnanıram ki, məqsədimizə çatacağıq. Hələ də bütün parçaları yerinə oturtmaq, oyunçular arasındakı əlaqəni daha da gücləndirmək üçün işləməliyik və əminəm ki, hər şey lazımi qaydada olacaq. Baş məşqçimiz Valdas Dambrauskasın baxış tərzi xoşuma gəlir. İnanıram ki, bu yol bizi uğura aparır.

- Yeri gəlmişkən, Vasili Berezutskinin baş məşqçi postundan gedişi və onun Dambrauskasla əvəzlənməsi kollektivə necə təsir etdi. Litvalı baş məşqçi komandaya yeni nələr gətirib?

- Ayrılıqlar futbolun bir parçasıdır. Fikrimcə, hər bir futbolçu buna öyrəşib. Damrauskas gənc, iddialı baş məşqçidir – nə istədiyini və onu necə istədiyini dəqiq bilir. Öz sisteminə sahibdir, müasir, hücumameyilli futbol oynamaq, yüksək pressinq tətbiq etmək istəyir. Oyunçularla ünsiyyət tərzi də xoşuma gəlir... Ümid edirəm ki, onunla birlikdə klubun tarixinə yeni bir səhifə yazacağıq.

- Sloveniya çempionatında oynamasanız da, Balkan ölkələrinin futbolu ilə daha yaxından tanışsınız. Necə düşünürsünüz: "Sabah" "Tsele"ni, "Tsele" isə "Sabah"ı oyun üslubu və keyfiyyəti baxımından nə ilə təəccübləndirə bilər?

- Mən Sloveniya liqası ilə tanış deyiləm. Bu həm biz, həm də onlar üçün sürpriz ola bilər. Çünki əvvəllər onlarla qarşılaşmamışıq, rəqib barədə kifayət qədər məlumatımız yoxdur və "Tsele"də də "Sabah" haqqında az şey bilirlər. "Tsele" tamamilə yaxşı klubdur, xüsusilə keçən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləmələri nəzərə alınarsa, bu, həm onlar, həm də Sloveniya futbolu üçün böyük uğurdur. Amma futbolda hər şey mümkündür. Keçən mövsüm İsrailin “Makkabi Hayfa” komandasını üstələmişdik. Halbuki, oyunlardan öncə biz favorit deyildik. Düşünürəm ki, yaxşı oyunlar olacaq və qalib detalların üstünlüyü ilə müəyyənləşəcək.

- "Tsele" ilə ilk matçı evdə keçirməyinizin sizin üçün üstünlük, yoxsa əleyhinizə olan amil kimi dəyərləndirirsiniz? Rəqibin ötən mövsüm Konfrans Liqasında 1/4 finaladək irəlilədiyini nəzərə alaraq, onlara qarşı şanslarınızı necə qiymələndirirsiniz?

- Məncə, əvvəl evdə oynamağın və ya səfərdə başlamanağın heç bir üstünlüyü yoxdur. Mənim üçün bu, heç bir fərq yaratmır. Əsas odur ki, həmin oyunlarda, rəqib kim-olursa olsun, əsl gücünü göstərəsən. İstənilən halda, şanslar 50/50-dir.

- Siz "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifisiniz. 2023/2024 mövsümündə Latviyanın RFŞ və Serbiyanın "Partizan" komandaları ilə oyunlarda fərqlənmisiniz. Həmin matçları necə xatırlayırsınız?

- Bəli, həmin oyunları xatırlayıram. “Partizan” qarşısında uduzduğumuz matçı yada salanda hələ də üzüntü keçirirəm, amma futbol belədir... Əlbəttə, insan bu oyunlar üçün yaşayır, avrokubok oyunlarına hazırlaşır, bu matçlar mənə çox böyük motivasiya verir.

- Artıq 33 yaşındasınız və "Sabah"da 3,5 ildir çıxış edirsiniz. Karyeranızı da elə bu klubda başa vurmağı düşünmürsünüz?

- Yaxşı sualdır. Açığı, bu barədə düşünməmişdim. Bəli, bunu istərdim. Artıq dörd mövsümdür buradayam, bu kluba, bu şəhərə və insanlara səmimi şəkildə aşiq olmuşam. Karyeram boyunca ən uzun müddət burada çıxış etmişəm. Bu klubla birlikdə tarix yazdım – kuboku qazandıq, “Sabah”ın Avropada ilk qolunun müəllifiyəm, “Sabah”da 100 oyuna çatan ilk legionerəm, bunlar xüsusi anlardır. Bu klubun bir parçası olmuşam, bundan sonra da belə olmağa davam etmək istərdim.

- Lakin Bosniya və Herseqovinanın əsas millisinə heç vaxt dəvət almamısınız. Sizcə, bu, nə ilə əlaqədardır?

- Bu sual mənlik deyil, milli komandada olan insanlara ünvanlanmalıdır... Məncə, çıxış etdiyim liqaya kifayət qədər dəyər verilmir. Bizim düşüncə tərzimiz belədir ki, Avropanın ən güclü liqalarında oynamırsansa, milli komandaya çağırılmayacaqsan.

Seçilən
8
50
teleqraf.com

10Mənbələr