Ermənistanla Azərbaycanın imzalayacağı sülh sazişi bölgənin ab-havasını dəyişəcək. Əldə olunacaq yaxınlaşma ilə yeni və tarixi fürsət pəncərələrinin bir-birinin ardınca açıldığının şahidi olacağıq.
Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada deyib.
“Cənubi Qafqazda sülh və sabitlik hər kəs üçün fayda gətirir. Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin diplomatik çərçivəsi artıq tamamlanıb. 2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən görüşlər nəticəsində sülh sazişinin son mətni üzərində razılıq əldə olunub.
Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirməyə başlayıb. Bu bölgənin inkişafı təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də, bizim üçün də, İran və digər ölkələr üçün də bir fürsətdir”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri bir daha Azərbaycan –Türkiyə münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Bizim Azərbaycanla olan hüquqi və mənəvi münasibətlərimiz digər ölkələrlə olan əlaqələrdən fərqlənir. Biz Azərbaycanla yalnız dostluq deyil, eyni zamanda, qardaşlıq bağları ilə bir-birimizə bağlıyıq. “İki dövlət, bir millət” ifadəsi təsadüfi deyil, dərin mənalar daşıyır və konkret əsaslara söykənir. Biz bunu tarix boyu dəfələrlə sübut etmişik. Buna görə də bu bölgədə baş verən hadisələrə kənardan və biganə şəkildə baxa bilmərik”, - deyə Ərdoğan vurğulayıb.
Ərdoğan deyib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradacaq. O, bildirib ki, Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün də strateji bir inkişaf olacaq.
"Dəhliz açıldıqda, Türkiyə məhsulları Xəzər dənizini keçərək Orta Asiya və Çinə daha sürətli çatacaq, Avropadan Çinə gedən yüklər isə Türkiyə üzərindən keçməyə başlayacaq.
“Orta Dəhlizin açılması cənubdan başlayaraq bizə və Azərbaycana qədər bir çox ölkəni əhatə edir. Bundan əlavə, bu yol Çinlə gələn digər xəttlə də birləşir. Bu baxımdan, çox mühüm əhəmiyyət daşıyır. Biz bu proses çərçivəsində bütün addımlarımızı ən düzgün şəkildə atırıq”.
Ərdoğan, eyni zamanda, beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin böyük potensiala malik olduğundan söz açıb.
“Bu xətt dəmir yolu sistemini də əhatə edir. Buna görə də yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti durmadan artır və gələcəkdə də artacaq. Orta Dəhliz bütün gücünü buradan alır. Orta Dəhlizin Zəngəzur xətti ilə birləşməsi və bundan sonra yük və sərnişin daşımalarında belə bir funksiyanı yerinə yetirməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni olduqca önəmli hesab edir. İraq da bu layihəyə əhəmiyyət verir. İğdırdan keçərək Naxçıvanla birləşən və davam edən bir xətt olacaq. Bu xəttin inşası ilə inanıram ki, yükdaşıma sahəsində mühüm bir addım atmış olacağıq”, - deyə Ərdoğan bildirib.