AZ

Qərbi azərbaycanlıların qayıdışı beynəlxalq gündəlikdədir - Şahin İsmayılov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistandan etnik təmizləmə nəticəsində didərgin salınmış Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin olunması məsələsini ölkəmiz üçün prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin başçısı iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə ölkəmizin bu məsələ ilə bağlı mövqeyini bir daha xüsusi vurğuladı. 

 


Modern.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

 


“Əsirlər boyu tarixi torpaqlarımızda - indiki Ermənistan ərazisində yaşamış azərbaycanlılar XX əsrin müxtəlif mərhələlərində həyata keçirilmiş ardıcıl və sistemli deportasiyalar nəticəsində öz doğma torpaqlarından zorla çıxarıldılar. Xüsusilə 1987–1991-ci illərdə baş verən son deportasiya dalğası, etnik mənsubiyyətə əsaslanan təqiblər, mülki əhaliyə qarşı zorakılıq  beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir”, - deyə Şahin İsmayılov bildirib.

 


Bu ədalətsizliyin, qanunazidd əməllərin təməlində Ermənistanın monoetnik dövlət siyasətinin olduğunu söyləyən komitə sədri bildirib ki, bu gün də davam etdirilən bu siyasət soydaşlarımızın doğma torpaqlarına qayıdışı, etnik müxtəlifliyin və birgəyaşayışın bərpası imkanlarını ciddi şəkildə məhdudlaşdırır. 

 


Azərbaycan dövlətinin prinsipial və ardıcıl xarici siyasəti nəticəsində Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtması məsələsinin artıq beynəlxalq gündəliyin mühüm mövzularından birinə çevrildiyini söyləyən Şahin İsmayılov deyib: “2025-ci ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş 51-ci Nazirlər Şurasının iclasında qəbul olunmuş qətnamə və yekun bəyannamədə Qərbi azərbaycanlıların qayıdış hüququna birmənalı dəstək ifadə edilib, Ermənistanın qeyri-konstruktiv mövqeyi, mədəni irsə qarşı törədilmiş vandalizm aktları və siyasi dialoqdan yayınması qəti şəkildə pislənib.

 


Digər mühüm məqam ondan ibarətdir ki, təsisat tərəfindən “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı ayrıca bir qətnamə qəbul edilib. Bu da artıq Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsinin təşkilatın institusional gündəliyində strateji prioritetə çevrildiyini göstərir”. 

 


Şahin İsmayılov qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə müxtəlif beynəlxalq təsisatlar tərəfindən qəbul olunmuş sənədlər də məsələ ilə bağlı mövqeyimizin hüquqi və siyasi baxımdan möhkəmləndirilməsinə xidmət edir. Bu xüsusda, Türk Dövlətləri Parlament Assambleyası, Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi tərəfindən Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsinə dəstək ifadə edən sənədlərin qəbulunu bu istiqamətdə səmərəli fəaliyyətin nəticəsi kimi qeyd etmək istərdim. 

 


“Eyni zamanda, Qərbi Azərbaycan İcması BMT başda olmaqla bir sıra beynəlxalq təşkilatlarla təmaslarda, qayıdış hüququnun insan hüquqları prinsipləri əsasında təmin olunması tələbini sistemli şəkildə gündəmə gətirir. Bu fəaliyyət məsələnin beynəlxalq hüquq və humanitar normalar müstəvisində tanınmasına real zəmin yaradır”, - deyə Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri vurğulayıb.

 


 Komitə sədri qeyd edib ki, Azərbaycan Qərbi azərbaycanlıların qayıdışı ilə tarixi ədalətin və soydaşlarımızın hüquqlarının bərpası istiqamətində bütün zəruri addımları atır. Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin olunması, Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması baxımından da olduqca vacibdir. Azərbaycan bu yolda ardıcıl, hüquqa əsaslanan və beynəlxalq legitimlik çərçivəsində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Seçilən
23
50
modern.az

10Mənbələr