Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Neftçi” bosniyalı qapıçı Kenan Piriç ilə güclənə bilər.
Arena.az saytının əldə etdiyi məlumata görə, tərəflər arasında bu transferlə bağlı danışıqlar xeyli müddətdir davam edir.
Son olaraq Türkiyənin “Antalyaspor” klubunda oynamış 30 yaşlı qolkiper “Neftçi”yə “hə” deməyə tələsmir. Hazırda azad agent statusuna malik qapıçı Azərbaycan klubundan bir qədər yüksək maaş tələb edir. “Neftçi” isə onun tələb etdiyi maaşı ödəməkdə maraqlı deyil. Piriç “ağ-qaralar”ın irəli sürdüyü təklifi qəbul etsə, bu transferin rəsmiləşməsi ehtimalı yüksəkdir.
Qeyd edək ki, Kenan Piriç Bosniya və Herseqovinanın “Sloboda” (Tuzla) klubunun yetirməsidir. “Qradina”, “Gent”, “Zrinski”, “Maribor”, “Atromitos”, “Göztəpə”, AEK (Larnaka) kimi klublarda da forma geyinmiş 30 yaşlı qolkiper 2024-cü ilin yayından “Antalyaspor”da çıxış edirdi. O, Antalya klubunun heyətində meydana çıxdığı 31 oyunda 55 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.
Bosniya və Herseqovinanın U21 yığmasında da oynamış futbolçu 2018-ci ilin fevralında əsas millidə debüt edib. Piriç əsas millidə 8 oyun keçirib, 8 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.