BAKI, TurkicWorld
Fransada 102 illik qadağa ləğv olundu- Parisin mərkəzində Sena çayında üzmək artıq mümkündür.
TurkicWorldxəbər verir ki, Fransanın paytaxtı Parisdə 1923-cü ildən qüvvədə olan Sena çayında çimmə qadağası 102 il sonra aradan qaldırılıb.
Paris 2024 Yay Olimpiya Oyunları öncəsi həyata keçirilən təmizlik layihəsi nəticəsində Sena çayı indi ictimaiyyətə üzgüçülük üçün açıqdır.
BBC-nin məlumatına görə, bu tarixi qərardan xəbər tutan yüzlərlə parisli səhər saatlarından Eyfel qülləsi yaxınlığında toplaşaraq çayın sularına baş vurublar. Üzgüçülük üçün üç xüsusi sahə ayrılıb – Eyfel qülləsi ətrafı, Notr-Dam kilsəsi yaxınlığı və şəhərin şərq hissəsində yerləşən hissə.
Üzənlər üçün paltardəyişmə kabinələri və günəşlənmək üçün çimərlik sahələri yaradılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hər nöqtədə xilasedicilər nəzarət aparır. Giriş 10-14 yaşdan yuxarı şəxslər üçün pulsuzdur və müəyyən saatlarla məhdudlaşdırılıb.
Qeyd edək ki, Sena çayında çimmək illərlə insan sağlamlığı üçün təhlükəli hesab edilirdi. Əsas problem nəcisdən yaranan bakteriyaların yüksək səviyyədə olması idi. Lakin Paris rəhbərliyi Olimpiya Oyunları öncəsi bu problemi aradan qaldırmaq üçün 1,4 milyard avro dəyərində layihə həyata keçirib.
Parisin meri Ann Hidalqo 2024-cü ilin yayında şəxsən çaya girərək Senanın təmizliyini sübut etməyə çalışmışdı. İndi bu qadağanın aradan qalxması həm parislilər, həm də turistlər üçün şəhər mərkəzində sərinlənmək və çayda üzmək imkanı yaradıb.