İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O bildirib ki, tədbir Azərbaycanın artan beynəlxalq rolunun təzahürü kimi qiymətləndirilməlidir: "Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə Bakıda keçiriib. Bu, təşkilatla əlaqələrin dərin və strateji xarakter daşıdığını göstərir. ECO Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Qarabağda sülhün, sabitliyin və yenidənqurmanın beynəlxalq səviyyədə tanınması və dəstəklənməsi baxımından xüsusi önəm daşıyır".
Deputat vurğulayıb ki, Azərbaycan ECO ilə əməkdaşlıqda fəal və təşəbbüskar tərəf kimi çıxış edir: "Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dolları sərmayə cəlb olunub, bunun yarısı xarici investisiyalardır. Azərbaycanın təbii qazı bu gün 12 ölkəyə ixrac olunur, enerji təhlükəsizliyində mühüm aktora çevrilib. Bundan əlavə, Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, regionun ticarət və logistika xəritəsində Azərbaycanı əsas keçid məntəqəsinə çevirir.
Şuşa 2026-cı il üçün ECO-nun “Turizm paytaxtı” elan olunması Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq turizm və mədəniyyət mərkəzinə çevrilməsi baxımından əhəmiyyətlidir. Zirvə görüşü Qarabağda sülhün və ədalətin təmin olunduğunu və bu ərazilərə yeni həyatın qayıdışını bir daha təsdiq etməklə yanaşı, eyni zamanda Azərbaycanın müstəqil və güclü dövlət kimi regional liderliyini, regional və beynəlxalq əməkdaşlıqda əsas aktorlardan biri olduğunu bir daha təsdiq edir".