Bakı, 5 iyul, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün azad və çiçəklənən Qarabağda, Xankəndi şəhərinin ev sahibliyi ilə keçirilməsi Azərbaycanın siyasi, diplomatik və geostrateji uğurlarının rəmzidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.
“Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan beynəlxalq miqyasda baş verən gərginliklər fonunda yenidən dünyaya tərəqqi, sülh və əməkdaşlıq mesajı verdi. Ermənistan tərəfindən 30 il ərzində viran qoyulan Qarabağ və Şərqi Zəngəzur artıq azad edilib və bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesi həyata keçirilir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Deputat qeyd edib ki, Şuşada ECO-nun Nazirlər Şurası, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsi, Laçında isə üçtərəfli Türkiyə-Azərbaycan-Pakistan liderlərinin görüşü və digər nüfuzlu tədbirlər Azərbaycanın postmünaqişə dövründə də uğurla davam etdirdiyi diplomatiyanın göstəricisidir. Bütün bunlar bir daha təsdiq ki, azad edilmiş torpaqlar artıq regional əməkdaşlıq və siyasi dialoq məkanına çevrilir.
Zirvə görüşü çərçivəsində Qarabağda mühüm tədbirlərin keçirildiyini söyləyən deputat deyib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı tikinti işləri görülür, keçmiş məcburi köçkünlərin “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdışı təmin edilir. Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərində də qısa müddət ərzində böyük işlər görülüb. Şəhərdə müasir infrastruktur qurulur, əsaslı yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı Xankəndidə Biznes, Konqres mərkəzlərinin açılışlarını etdi. Görülən əsaslı yenidənqurma və bərpa işləri Xankəndinin tarixiliyini qorumaqla müasir şəhər obrazını formalaşdırır. Eyni zamanda, azad olunmuş digər torpaqlarımızda da işlər sürətlə davam etdirilir. Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Ağdam rayonunda Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı olduqca əlamətdar hadisədir. Məhz görülən əsaslı işlərin nəticəsidir ki, bu gün 50 mindən çox vətəndaş azad edilmiş ərazilərdə yaşayır, çalışır və təhsil alır.
Mircəlil Qasımlı deyib: “Prezident İlham Əliyev çıxışında Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına sülh yolu ilə və ləyaqətli şəkildə qayıdış hüququnun təmin edilməsinin də prioritet istiqamət olduğunu bəyan etdi. Bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında qəbul olunmuş yekdil qətnamə və “İstanbul Bəyannaməsi” Azərbaycanın haqlı mövqeyinə verilən beynəlxalq dəstəyin bariz nümunəsidir”.
Deputat bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın əsas məqsədləri olan regional iqtisadi inteqrasiya, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlığa daim sadiqlik nümayiş etdirir. Azərbaycan təşkilatın fəal üzvü kimi həm siyasi, həm də iqtisadi müstəvidə əməkdaşlıq təşəbbüslərinə dəstək verməklə yanaşı, praktiki nəticələrə hesablanmış regional layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycanın bu gün yalnız regionun deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor olduğunu söyləyən deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında dediyi kimi, ölkəmiz 12 dövlətə qaz ixrac edir və bu rəqəm artmaqdadır. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan ECO məkanında da nəqliyyat və logistika baxımından strateji ölkə kimi tanınır.
“Xankəndidə keçirilmiş Zirvə görüşü Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında oynadığı fəal və təşəbbüskar rolunun bariz təzahürüdür. Bu tarixi tədbir Azərbaycanın təşkilat çərçivəsində regional əməkdaşlığın təşviqinə, dayanıqlı inkişafın təmininə və ortaq geoiqtisadi maraqların uzlaşdırılmasına verdiyi mühüm töhfəni bir daha nümayiş etdirdi”, - deyə o əlavə edib.