Sumqayıtda küçənin avtomobil yolu qazılıb, yaxınlıqda olan evlər isə qəzalı vəziyyətə düşüb. Xezerxeber.az-ın məlumatına görə, sözügedən küçədə bir müddət öncə aparılan kanalizasiya işləri yarımçıq vəziyyətdə saxlanılıb.
Ərazidə yaşayan sakinlər hazırkı vəziyyətdən ciddi narahatlıq keçirir. Yolun qazılıb bərpa edilməməsi nəinki piyadaların, hətta nəqliyyat vasitələrinin də hərəkətini xeyli çətinləşdirib.
Yolun təmirinə başlanılacağı deyilsə də sonradan işlər yarımçıq saxlanılıb. Bundan əlavə, qazıntıların aparıldığı ərazilərdə bəzi evlərin bünövrəsinə zərər dəyib, divarlarda çatlar əmələ gəlib. Sakinlər artıq bu evlərdə yaşamağın təhlükəli olduğunu deyirlər və məsul qurumlardan təcili tədbir görülməsini tələb edirlər.
Sumqayıt Sukanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən işlər podratçı təşkilat tərəfindən həyata keçirilir. İdarədən verilən məlumata görə, layihə üzrə bütün işlər müvafiq tender əsasında seçilmiş podratçıya həvalə olunub və işin icrası onların səlahiyyətindədir.
Podratçı təşkilatla əlaqə saxlamaq istədik, lakin telefon zənglərinə cavab verilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.