AZ

Erməni erməniyə qarşı: Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır?

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

...Ciddi siyasi böhranların birində bir dövlət məmurundan soruşdum ki, “planınız nədir?” - Dedi ki, "plan vaxtı uzatmaqdır”

Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin iyerarxları arasında münaqişə getdikcə geniş vüsət alır. Qarşılıqlı təhqirlər, təhlükəsizlik qüvvələri ilə toqquşmalar, həbslər baş verdi. Üstəlik, bunlar Eçmiədzindəki Müqəddəs Taxt-Tac ərazisində oldu - görünməmiş bir hadisədir.

Şirak arxiyepiskopu Mikael Ajapaxyan, arxiyepiskop Baqrat Qalstanyan, Ermənistanın enerji sektorunun böyük hissəsinə nəzarət edən rusiyalı oliqarx Samvel Karapetyan artıq həbs edilib. Onların hamısı təxminən eyni məsələyə görə həbs olunublar: hakimiyyəti ələ keçirməyə çağırışlar, hakimiyyəti ələ keçirməyə hazırlıq. Və bu, açıq şəkildə münaqişənin sonu deyil, yalnız başlanğıcıdır.

Çevriliş hazırlığı

Formal olaraq Paşinyanın hərəkətlərinin əsasları var. Ermənistanda yaşadığım üç il ərzində ən azı üç dəfə dövlət çevrilişinə cəhd olub. Ən sonuncuya bütün ermənilərin katolikosunun dəstəyini alan Srbazan (arxiyepiskop) Baqrat Qalstanyan başçılıq edirdi. Ajapaxyan və Karapetyanın təqsiri o qədər də aydın deyil, bunu məhkəmə müəyyən etməli olacaq.

Bütün bunlar şəxsi münaqişə, xırda siyasi çəkişmə deyil, Ermənistanın Rusiyadan Qərbə dönüşünün 2022-ci ildə, Ukrayna müharibəsinin ilk aylarında başlayan növbəti mərhələsidir. Yavaş-yavaş, çox ehtiyatla, “bir addım irəli - iki addım geri” prinsipinə əsasən, ölkə Rusiyanın təsirindən çıxmağa başladı. Və bu, faciəvi şəkildə başa çatdı: Qarabağın və bir neçə başqa ərazinin itirilməsi, Rusiya mətbuatında erməni əleyhinə təbliğat dalğası və davamlı olaraq hakimiyyəti dəyişmək cəhdləri. Tam olaraq kimin ölkəni qarışdırdığını gözlə görmək olar - Rusiya xüsusi xidmət orqanları, “beşinci kolon”, “Rus Evi”, Rusiya səfirliyi.

2022-ci ilin mayında ölkənin keçmiş Prezidenti, Rusiya Prezidenti Vladimir Putinin dostu Robert Köçəryan etirazlarda fəal iştirak edib. Demək olar ki, hər mitinqdə açıq şəkildə rusiyapərəst olan bloger Mika Badalyanın simasını görürəm. O dəfələrlə Rusiya Federasiyasının nümayəndələri ilə təmasda olub və bir dəfə qanunsuz silah alverinə görə (yeri gəlmişkən, “Sputnik Ermənistan”ın müşahidəçisi ilə birlikdə) saxlanılıb, lakin sonra sərbəst buraxılıb.

Marqarita Simonyan İrəvanda hər küçə aksiyasını həvəslə qarşılayır. Və hər dəfə odun üstünə yağ tökür. Məsələn deyir: "Ermənistanda yaşayan ermənilər, nəyi gözləyirsiniz? Oğullarınızın başının kəsilməsini, qızlarınız hərəmxanaya aparılacağını?". Paşinyan adını eşidəndə isə Marqo hətta açıq təhqirə keçir.

Xarici işlər naziri Sergey Lavrov Ermənistanda baş verənlərdən çox narahatdır. Eçmiədzin hadisələrindən sonra o birbaşa dedi: “Rusiya erməni kilsəsinin əsassız hücumlara məruz qalmamasında maraqlıdır”. O qədər narahat oldu ki, Ermənistan Xarici İşlər Nazirliyi ondan başqalarının işinə qarışmamağı xahiş etməyə məcbur oldu. Axı ermənilər səhv etsələr də, bu, Ermənistanın daxili işidir.

Dolayı əlamətlər də var. Karapetyanın həbsindən sonra Rusiyaya yük daşıyan erməni yük maşınları Yuxarı Larsdakı sərhəd zastavasında saxlanılıb. Yəni Moskva deyir: “Siz bunu edirsinizsə, biz də bunu edirik”. Və nəhayət, heç kimə sirr deyil ki, İrəvan özünü kifayət qədər qeyri-rəsmi aparan Rusiya xüsusi xidmət orqanları əməkdaşları ilə doludur.

Kilsə və Qarabağ

Digər tərəfdən, Paşinyanın İrəvandakı hərəkətlərindən həqiqətən də çoxlu narazılıq var. Etirazçılar təkcə Rusiyaya simpatiyaya görə etiraz etmirlər. Ermənistan dünyanın ən dindar ölkəsi deyil, burada dindarlar çox deyil. Amma din milli dəyərlərə o qədər dərin kök salıb ki, kilsəyə hücumlar çoxları tərəfindən erməniliyin mahiyyətinə hücum kimi qəbul edilir. Ermənilər təkrarlamağı xoşlayırlar ki, xristianlığı dövlət səviyyəsində birinci onlar qəbul ediblər və bu, həqiqətdir. Sonra “min illik dövlətçilik əldən getdi, ölkə bir-bir imperiyalar tərəfindən zəbt olundu, dilini, mədəniyyətini, elmini, ədəbiyyatını, erməni kimliyini qoruyub saxlayan yeganə qurum Erməni Apostol Kilsəsi oldu” deyirlər.

Əbəs yerə deyil ki, buraya gələn turistlər günlərini qədim monastırları ziyarət etməklə keçirirlər. Ermənistan monastırlar ölkəsidir və onların əksəriyyəti fəaliyyət göstərir.

İrəvanlı dostum təkrar etməyi xoşlayır: “Biz çox şeyə dözə bilərik, amma qədim məktublarımıza, Aznavura və “Artsax”a toxunmayın”. Azərbaycan Qarabağı azad etdikdən sonra o deməyə başladı: “Bizim dilimiz və kilsəmiz”.

Qarabağ faktoru nəzərə alınmalıdır, o istənilən, hətta ən əhəmiyyətsiz erməni xəbərlərinə reaksiyalara təsir edir. Çətin siyasi vəziyyətə ağır depressiya, perspektivin olmamasının dərk edilməsi də əlavə olundu. Depressiya 2020-ci ildə, 44 günlük müharibədə məğlubiyyətdən sonra başladı və Qarabağın itirilməsindən sonra bütün ağırlığı ilə Ermənistanın üzərinə düşdü. Müasir Ermənistan əslində 1988-ci ildə “Qarabağ hərəkatı” ilə, “Miatsum”la başlayıb. Yəni ki, bu ölkənin təməlində Qarabağ məsələsi dayanır. İndi isə otuz il uğrunda öldükləri, işğalda saxladıqları Qarabağ əldən gedib. Bir çox ermənilər üçün bu, inandıqları hər şeyin dağılmasıdır. Otuz il və bu qədər qurbanlar - əbəs yerəymiş.

İnsanlar depressiyaya düşürlər və onları anlamaq çətin deyil. 1991-ci ildə dostlarım və mən Ağ Evin yaxınlığında yeni, ədalətli və humanist Rusiya quracağımıza ümid edərək barrikadalar qurduq. Otuz il keçdi, müharibə, repressiyalar, terror başladı və istər-istəməz fikir gəlir ki, canımızı itirmişik, gələcəyimiz yoxdur. Təsadüfi deyildi ki, erməni dostum öz triadasında Qarabağı kilsə ilə əvəz etdi. Tam məğlub vəziyyətdə cəmiyyət günahkarları axtarır. Bu, dəli olmamaq, özünü qorumaq, sağ qalmaq üçün dayaqdır. Və sonra insanlar hökumətin kilsə ilə mübarizə apardığını görürlər. Çoxları təbii ki, şokdadır.

Kilsə fərqlidir, bunu da yadda saxlamaq lazımdır. 2022-ci ildə rus mühacirləri buraya çoxlu gələndə erməni keşişlərinin necə davrandığını yaxşı xatırlayıram. Keşişlər deyirdilər: "Xristian bayramlarını evdə adət etdiyiniz kimi qeyd edin, adət etdiyiniz kimi dua edin. Sizi görməyə həmişə şadıq, biz həmişə sizə dəstək olacağıq". Güzəştsiz və dözümsüz pravoslav keşişlərinə öyrəşmiş ruslar bu cür tolerantlıqdan çox sarsılmışdılar.

Xatırladım ki, 110 il əvvəl “azğın” Lev Tolstoyu dəfn etməkdən çəkinməyən erməni kilsəsi idi. Və yüz ildən bir qədər çox keçəndən sonra vəziyyət təkrarlandı: İrəvanda çox reklam etmədən Aleksey Navalnı üçün dua mərasimi keçirdilər.

Ermənilər bir-birinə qarşı

Samvel Karapetyanla bağlı vəziyyət də mürəkkəbdir. O hökuməti məhkəməyə vermək və şirkətinin maraqlarını müdafiə etmək niyyətindədir. Bir tərəfdən o hətta rusiyapərəst deyil, sadəcə rusdur, statusu rusiyalı sahibkardır. Digər tərəfdən, xeyriyyəçilik üçün külli miqdarda pul xərclədi, xəstələrə, yoxsullara kömək etdi və çoxları ona minnətdardır. Və onun şirkəti böyükdür, heç kim işini itirmək istəmir. Deməli, Karapetyanın çoxlu tərəfdarları var.

Düşünməsi belə qorxu yaradan daha bir şey var. Əgər münaqişə həddini aşsa, Moskva Karapetyandan Ermənistanda elektrik enerjisinin kəsilməsini xahiş edə bilər və ölkə qaranlığa qərq olar. Və burada hər kəs 90-cı illərin blokada illərini xatırlayır: soyuq, isti su yoxdur, qazla bağlı problemlər və çox pis yemək. Heç kim bunun təkrarını istəmir.

Erməni cəmiyyətində parçalanma bir neçə istiqamətdə gedir. Rusiyaya münasibətdə (20 sentyabr 2023-cü ildə gözləri yaşla dolu bir qonşu mənə dedi: “Biz səni çox sevirik, sən bizə necə xəyanət etdin!”) mübahisə var. Müharibə və ya sülh, Avropa Birliyi və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) seçimi üstündə mübahisə. İrəvanda rusdilli erməni məktəblərinin çoxlu məzunları var ki, onlar üçün rus dili birinci, erməni dili ikinci dil idi və bu da bir növ saatlı bomba deməkdir. Onlar Ukrayna müharibəsi haqqında da mübahisə edirlər. Əgər əvvəlcə əksəriyyət bu mövzuya kifayət qədər laqeyd yanaşırdısa, indi hamı başa düşür ki, hər iki tərəfdən, çoxlu sayda ermənilər döyüşür və ölürlər. Ermənilər bir-birinə atəş açır. Azsaylı xalq üçün bu baş verə biləcək ən pis şeydir.

Mövcud siyasi mövzularla bağlı şərhlər toplayanda mənə tez-tez deyirdilər: "Yox, mən heç nə deməyəcəyəm. İndi nə desəm, xalqıma zərər verəcək. Biz heç bir halda düşmənçilik etməməliyik, parçalanmamalıyıq".

Sübhü gözləmək

Müzakirələr bu istiqamətdə gedir: bəziləri deyir ki, biz nəyin bahasına olursa-olsun sağ qalmalıyıq. Erməni cəmiyyətinin düşüncələrində rəngarənglik artıb. Bəziləri deyir ki, əgər siz mütərəqqi, liberal, qərbpərəst olub Rusiyanı tənqid edirsinizsə, onda belə çıxır ki, siz milli dəyərlərə qarşı gedirsiniz. Yox, milli dəyərləri qorumaq və hökuməti tənqid etmək istəyirsinizsə, Putinlə eyni düşərgəyə düşəcəksiniz. Mən bu illər ərzində etirazların mahiyyətinin necə dəyişdiyini görmüşəm. 2022-ci ildə etirazçılar polislə dinc şəkildə danışdılar və deyirdilər: “Hamımız erməniyik, bir-birimizə qışqıra bilərik, sonra qucaqlaşıb yemək üçün masaya oturmalıyıq”. 2023-cü il etirazlarında isə zibil qutuları aşırıldı, avtomobillər döyəcləndi, küçələr bağlandı. 2024-cü ildə hökumət binasına butulkalar atıldı. Buna cavab olaraq polis güc tətbiq etdi.

Ermənilərin çoxu yumşaq, qarşıdurmaya getməyən xarakterə malikdir. Onlar gürcü deyillər, bir kəlmə ilə alovlanırlar.

...Ciddi siyasi böhranların birində bir dövlət məmurundan soruşdum ki, “planınız nədir?”. Dedi ki, "plan vaxtı uzatmaqdır. Dünyada, xüsusən də onun bu hissəsində qaranlıq qalınlaşıb. Biz sağ qalıb səhərin açılmasını gözləməliyik".

Müəllif: Yan Şenkman – Rusiyalı jurnalist və yazıçı.

Mənbə: “The Moscow Times”

Tərcümə AYNA.AZ-a məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
50
ayna.az

10Mənbələr