
3-7 yaşlar arasında olan uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmaqda çətinlik çəkirlər. Onlar ancaq 11 yaşından sonra böyüklər kimi mühakimə yürüdə bilirlər.
Uşaqlar ya qorxduqlarına görə, ya da başqalarının diqqətini özünə cəlb etmək üçün yalan danışa bilərlər. Vaxtında tədbir görülmədikdə, yalan danışmaq uşaqlarda vərdişə çevrilir və həyatları boyu davam edir.
Uşağına yaxşı təhsil vermək istəyən hər bir valideyin ilk növbədə çalışmalıdır ki, onun uşağı yalan danışmasın və dürüst bir insan kimi yetişsin.
Hər uşaqda müxtəlif fərqliliklər olur. Uşaqlar 7 yaşlarından etibarən mühakimə yürütməyə başlayırlar. 11 yaşlarından sonra isə yalanla doğrunu böyüklər kimi bir-birindən ayırmağa çalışırlar.
Uşağın aldığı təhsil və qarşılaşdığı nümunələr bu məsələdə ona kömək edir.
Müəyyən səbəblərə görə yalan danışmaq yeniyetməlik dövründə də davam edə bilər və ya əvvəllər olmadığı halda ilk dəfə ortaya çıxa bilər.
Yalan danışmaq ətrafdakıların həmin insana olan etibarını azaldır. Yalan danışmaq eyni zamanda başqa pis əməllərə də səbəb olur. Buna baxmayaraq, balaca uşaqların əksəriyyəti özləri də bilmədən yalan danışırlar. “Uşaqdır” deyib fikir vermədikcə, bu, onlarda vərdişə çevrilir.
Digər tərəfdən, uşaq televizorda gördüyü cinayət xəbərindən və ya qorxulu filmdən təsirlnərək məktəbə hücum edildiyini və dostunun öldürüldüyünü deyə bilər. Hətta uşaq müəlliminin və ya sinif yoldaşının onu döydüyünü də deyə bilər. Bu cür sözləri deməklə uşaq valideyinlərinin diqqətini cəlb etmək istəyə bilər və ya döyülməkdən qorxduğu üçün bunu edə bilər. Ona görə də, bu yalanın səbəbi mütləq araşdırılmalıdır.
Eyni zamanda xəyalpərəst olduqları üçün uşaqlarda rəsm, teatr, musiqi kimi sahələrə maraq oyatmaq lazımdır.
Ən narahatlıq doğuran məsələlərdən biri də odur ki, uşaq hər hansı bir şeyi əldə etmək və ya məsuliyyətdən qaçmaq üçün yalan danışa bilər. Məsələn, inşa yazısından aşağı qiymət alan bir şagird yalandan “5” aldığını deyə bilər. Atasının ona az pul verdiyini deyən uşaq babasından pul ala bilər. Dostunun əşyasını icazəsiz götürən uşaq bunu ona dostunun hədiyyə etdiyini deyə bilər. Bu cür uşaqlar barədə tədbir görülməsə, bu, yetkinlik dövründə də davam edir və vərdişə çevrilir.
Aşağıda yalan danışmağın əsas səbəblərini təqdim edirik:
- Uşaqlar nəyin gerçək, nəyin xəyal olduğunu ayırd edə bilmirlər.
- Bir hadisəni danışarkən xəyal dünyalarında olanları ifadə edirlər.
- Uşaqlar qorxduqları üçün yalan danışa bilərlər.
- Uşaqlar valideynlərinin diqqətini cəlb etmək üçün yalan danışa bilərlər.
- Uşaqlar dostlarında və müəllimlərində maraq oyatmaq üçün yalan danışa bilərlər.
- Uşaqlar ata-analarının və müəllimlərinin ona cəza verəcəyindən qorxduqları üçün yalan danışa bilərlər.
- Uşaqlar bir şey əldə etmək üçün yalan danışa bilərlər.
- Uşaqlar məsuliyyətdən qaçmaq üçün yalan danışa bilərlər.
- Qısqanclıq onları yalan danışmağa vadar edə bilər.
- Həmçinin, fiziki-psixoloji problemlər onları yalan danışmağa vadar edə bilər və s.
Aygün Vəliyeva