AZ

İrəvan Rusiyanın TV məkanını hədəfə aldı

Ermənistan Teleradio Yayımları Komissiyasının gecikmiş bəyanatı

Rusiyanın istər çap, istərsə də elektron mediasında ermənilərin çoxluq təşkil etdiyi, hətta bir sıra strateji postlarda olduqları hamımıza məlumdur. Amma yaranmış vəziyyət və siyasi məqam tələb etdikdə, Rusiyanın ermənipərəst mediası belə “dirijor çubuğu”nun işarəsi ilə Ermənistana qarşı da ideoloji hücum taktikasına keçə bilər. İndiki halda bu, Kremlə, ən azı, Hayastanın Qərb yönümlü iqtidarına bəzi siyasi mesajları çatdırmaqdan ötrü lazım olub.

“Multileks xarici ölkənin siyasi gündəminə xidmət etməməlidir”. Ermənistan hökuməti indi xəbər tutub ki, ölkə ərazisində müntəzəm yayımlanan Rusiya telekanalları cəmiyyətdə “nifrət və dözümsüzlük fonu” yaratmaqla məşğuldur.

“Armenpress”in yaydığı məlumata görə, bu barədə Ermənistan Televiziya və Radio Yayımları Komissiyasının (TRYK) növbədənkənar iclasında qəbul etdiyi bəyanatda deyilir. Sənəddə qeyd olunur ki, 2020-ci ildə bağlanmış “Ermənistan və Rusiya hökumətləri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin məqsədi bu sahədə iki ölkə arasında “dostluq münasibətlərini və əməkdaşlığı inkişaf etdirmək” olub.

Hökumətlərarası müqavilənin şərtlərinə əsasən, “Birinci Kanal”, “World Wide Web” və “RTR-Culture” Ermənistanın ictimai multipleksində yayımlanır. Eyni zamanda, komissiya bu kanalların bəzi verilişlərində həm sazişin bəndlərinin, həm də Ermənistan qanunvericiliyinin vaxtaşırı pozulduğunu ardıcıl olaraq qeyd edib.

Beləliklə, Ermənistan TRYK-nın siyasi xarakter daşıdığı aydın görünən özünün gecikmiş bəyanatında Rusiya telekanallarını birbaşa hədəfə alıb. Haylara indi məlum olub ki, bu proqramlar həm də iki ölkə arasındakı ənənəvi, hörmətli və müttəfiqlik münasibətlərinə “xələl gətirirmiş”. Komissiyanın bəyanatında xüsusi olaraq qeyd edilir ki, ikitərəfli sazişin 4-cü maddəsində Rusiya tərəfinin Ermənistan İctimai Televiziya Şirkətini Rusiya Federasiyası ərazisində yayım üçün universal lisenziyası ilə təmin etməyi öhdəsinə götürdüyü nəzərdə tutulsa da, üstündən 5 il keçməsinə baxmayaraq PTA Rusiyada İTV-ni yayımlanmır. Deməli, bu müddət ərzində Sazişin şərtinə əməl etmədiyi bir yana, Moskva Paşinyan hakimiyyətinə qarşı dezinformasiya siyasəti, ictimai rəyin manipulyasiyası ilə məşğul olurmuş.

Bundan başqa, TRYK-nın bəyanatında o da vurğulanır ki, sonrakı müzakirələrin gedişində erməni tərəfi Rusiya qanunvericiliyində “universal yayım lisenziyası” anlayışının olmadığından xəbər tutub. Yəni, ikitərəfli sazişin konkret maddəsində Rusiya qanunvericiliyində nəzərdə tutulmayan öhdəlik öz əksini tapıb. Buna isə hüquqi nonsens deyilir.

***

Hayastanın efir məkanının tənzimləyicisi bəyanatında onu da diqqətə çatdırır ki, hökumətlərarası sazişin 5-ci bəndinə əsasən, Rusiya telekanalları Ermənistan qanunvericiliyinə əməl etməyi, məzmununda erməni xalqını və onun dəyərlərini aşağılayan, həmçinin ölkənin daxili siyasi həyatına müdaxilə elementlərini ehtiva edən verilişləri yayımlamamağı öz öhdəsinə götürür. “Amma təəssüflə qeyd edirik ki, yuxarıda adı çəkilən telekanallar dəfələrlə Ermənistanın dövlət qurumlarına və vətəndaşlarına qarşı təhqiramiz ifadələrdən ibarət verilişlər yayınlayıblar, burada faktlar lakonik deyil, emosional və aqressiv xüsusiyyətlərlə əvəzlənib”, – bəyanatda deyilir.

Bəyanatda daha sonra oxuyuruq: “Ermənistan Televiziya və Radio Yayımları Komissiyasına çoxsaylı şikayət və təkliflər daxil olmaqda davam edir. Tənzimləyicidən tələb olunur ki, erməni media məkanının təhqir və dezinformasiyanın, zorakılığa bəraət qazandırılması və insan hüquqlarının pozulmasının normaya çevrilməsinin, ictimai şüur və davranışa mənfi təsir göstərən verilişlərin qarşısı qəti çəkildə alınsın”.

Sonda TRYK öz mövqeyini bir daha ictimaiyyətinn nəzərinə çatdırıb: “İctimai multipleks xarici siyasi gündəminə xidmət etmək üçün istifadə edilməməlidir. Ermənistanın informasiya məkanı hər hansı digər ölkənin manipulyasiya, təbliğat və təxribat xarakterli müdaxilə cəhdlərindən azad olmalıdır”.

Yeri gəlmişkən, oxuculara xatırladaq ki, Moskva əleyhinə sanksiyaların altıncı paketi çərçivəsində Avropa İttifaqı Rusiyanın üç dövlət telekanalının yayımını üzv ölkələrin ərazisndə qadağan edib.

P.S. Yekaterinbur şəhərində azərbaycanlıların başına gətirilən vəhşi olaydan sonra Rusiyanın əksər telekanalları Azərbaycan dövləti və xalqının əleyhinə qərəzli, çirkin informasiya kapmaniyasına start veriblər. Şimal qonşumuzun təkcə özəl media qurumlarında deyil, hökumətə bağlı telekanallarda belə Azərbaycan hakimiyyətinə, xalqına hədə-qorxu notlarına köklənmiş verilişlər son günlər geniş auditoriyaya tirajlanmaqdadır. Bu verilişlərdə, bir qayda olaraq, azərbaycanlılar “vəhşi, kriminal ünsür, barbar” obrazlarında təsvir olunur. Yəni, yuxarının göstərişi ilə proqramları peşə etikasından kənar, etnik, dini ayrıseçkilik tezislərindən ibarət “efir zibilləri” ilə doldurulan həmin telekanallar Rusiya ictimaiyyəti arasında azərbaycanlılara qarşı nifrət toxumu səpməyə xidmət edirlər. İndiki vəziyyətdə iki ölkə arasında məhz düşmənçilik ab-havası yaratmağa fokuslanan Rusiyanın bir çox televiziya kanallarının yayımı Azərbaycanda da dayandırıla bilərmi? Mövzu ilə bağlı yerli mediaya açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, bu kimi məsələlərdə tələskənliyə yol vermək olmaz: “Bu gün əsas müzakirə mövzusu vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasıdır. Bu istiqamətdə dövlətimiz lazım olan addımları atır. Dövlət özü bundan sonra hansı qərarların verilməsi, addımların atılması lazımdırsa, onu da atacaq. Biz bunu açıq-aydın görəcəyik. Düşünürəm ki, bu gün belə radikal addımlara getməkdə tələsməməli, bir qədər səbirli olmalı, gözləməliyik. Əgər buna zərurət yaranarsa, daha fərqli addımlar atıla bilər. Amma indiki halda bu cür məsələlərin həll variantını dövlətin öhdəsinə buraxmaq lazımdır”.

İmran BƏDİRXANLI
XQ

Seçilən
19
50
xalqqazeti.az

10Mənbələr