Bakı, 6 iyul, AZƏRTAC
Miqren dünya əhalisinin təxminən 15 faizinə təsir edən və gündəlik fəaliyyətlərə ciddi şəkildə maneə törədə bilən yayılmış bir nevroloji pozuntudur. Mövcud müalicə üsullarına baxmayaraq bir çox xəstə ya effektiv nəticə əldə etmir, ya da dərmanların yan təsirlərinə görə istifadədən imtina edir. Son dövrlərdə İtaliyada aparılan yeni bir pilot araşdırma bu vəziyyətdə olan xroniki miqren xəstələri üçün ümidverici nəticələr ortaya qoyub.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, italyan tədqiqatçısı Simone Braka və komandası tərəfindən aparılan araşdırmada diabet və piylənmənin müalicəsində istifadə edilən “Ozempic” kimi GLP-1 reseptor aqonistlərinin xroniki miqrenin tezliyini əhəmiyyətli dərəcədə azaltdığı müəyyənləşib.
Araşdırma çərçivəsində xroniki miqren və piylənmədən əziyyət çəkən 31 iştirakçıya (26 qadın və 5 kişi) 12 həftə ərzində GLP-1 reseptor agonisti olan “liraglutid” preparatı təyin olunub və iştirakçılardan baş ağrısı gündəliyi aparmaq tələb edilib. Tədqiqatın sonunda ayda orta miqren günlərinin sayı 20-dən 11-ə düşüb. Əldə edilən nəticələrə görə, 15 iştirakçıda baş ağrısı tezliyində təxminən 50 faizlik azalma müşahidə olunub. 7 iştirakçıda bu azalma 75 faizə çatıb. Bir iştirakçı isə tədqiqat müddətində heç bir miqren yaşamadığını bildirib. Araşdırma zamanı bəzi iştirakçılarda yüngül mədə-bağırsaq yan təsirləri (qəbizlik və ürəkbulanma) müşahidə edilsə də, bu təsirlər müvəqqəti olub və tədqiqata ciddi təsir etməyib.
Maraqlı məqamlardan biri də çəki itkisi ilə bağlı idi. Bu isə o deməkdir ki, miqren tezliyindəki azalma kilo itkisi ilə əlaqəli olmaya bilər. Tədqiqatçılar, həmçinin kəllədaxili təzyiqin (ICP) azaldılmasının da miqren tezliyinə təsir edə biləcəyini diqqətə çatdırırlar.