AZ

Etibarlı tərəfdaş, təşəbbüskar ölkə

Xankəndi Zirvə görüşü iqtisadi inteqrasiya, davamlı inkişaf üçün önəmli platforma rolunu oynadı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycan üçün növbəti tarixi hadisə kimi yaddaşlara yazıldı. 

Düzdür, indiyədək Azərbaycan təşkilatın 2 Zirvə görüşünə evsahibliyi etmişdi. Amma bu dəfə sammitin suverenliyini tam bərpa etmiş ölkəmizin gözəl şəhərlərindən biri olan Xankəndidə keçirilməsinin Prezident İlham Əliyevin söylədiyi kimi xüsusi mənası var.  Dost və qardaş ölkələrin liderlərinin Qarabağ torpağına növbəti səfərləri, İlham Əliyevin işğaldan azad etdiyi ərazilərdə cəmi 5 ilə yaxın müddətdə yaratdığı xarüqələri canlı seyr etmələri Azərbaycanı istəməyən, yüksəlişini həzm edə bilməyən qüvvələrə tutarlı zərbə oldu.  

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ölkəmizin müasir siyasi kursunun, iqtisadi hədəflərinin və regional liderlik ambisiyalarının göstəricisi kimi qiymətləndirilə bilər. Həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyan sammit bir daha dünyanın diqqətini Qarabağa yönəltdı. Beyəlxalq ictimaiyyət ilk növbədə son beş ildə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini gördü. Eyni zamanda Azərbaycanın həm təşəbbüskar ölkə olduğunu, həm də istənilən konfransa yüksəksəviyyəli evsahibliyi təcrübəsinə sahibləndiyinə şahidlik etdi. 

Xankəndi sammiti bir daha göstərdi ki, bu gün paytaxt Bakı ilə yanaşı, artıq azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlər üçün ideal məkandır. İndi azad Qarabağımız və Şərqi Zəngəzur xoşbəxt günlərini yaşayır. 

Zirvə görüşü çərçivəsində atılan addımlar həm də türk birliyinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Digər təırəfdən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısı Azərbaycana mühüm dividendlər qazandırdı. Ölkəmiz bu təşkilatın fəal üzvüdür. 1985-ci ildə yaradılan təşkilatda hazırda Azərbaycan, Türkiyə, İran və Pakistan ilə yanaşı Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan da təmsil olunurlar. Bu da onun türk-islam birliyinin güclənməsini şərtləndirən təşkilat olduğunu göstərir.   

Təşkilatın yaradılmasında məqsəd dayanıqlı iqtisadi inkişafa nail olmaq, ticarəti təşviq, dünya iqtisadiyyatına inteqrasiya və səmərəli nəqliyyat sistemini inkişaf etdirməkdən ibarət olub. Müstəqilliyini bərpa edən Azərbaycan təşkilata 1992-ci ildə qoşulub. Azərbaycanla yanaşı Mərkəzi Asiya respublikaları da yeni iqtisadi modelə keçidlə əlaqədar olaraq region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmaq naminə təşkilata üzv olublar. Azərbaycan ECO-da həm geosiyasi, həm də iqtisadi baxımdan aparıcı dövlətdir. Ölkəmizin irəli sürdüyü və beynəlxalq əhəmiyyətə malik olan layihələrdə təşkilata üzv dövlətlər də iştirak edirlər. Bakı ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında 9-cu və 12-ci Zirvə görüşlərinə uğurla evsahibliyi edib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər və davamlı inkişaf mövzularında vacib sənədlər qəbul olunub.

Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan ECO-nun işində həmişə fəal olub və təşkilata üzv ölkələrlə əlaqələr uğurla inkişaf edir. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilib. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak edib, 77 min şəxs qeydiyyatdan keçib. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olub: "Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir". Prezident həmçinin 2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm paytaxtı" elan edilməsinə görə təşkilat üzvlərinə təşəkkürünü bildirib.

Xankəndi Zirvə görüşündə müzakirə edilən məsələlər iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün real imkan yaratdı. Bu sammit eyni zamanda Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
7
2
azerbaijan-news.az

10Mənbələr