Qeyd edək ki, təcrübəli fransalı vinger 8 milyon avro qarşılığında icarəyə götürülsə də, ümidləri doğrulda bilmədi. Zaman-zaman Joze Mourinyo ilə problemlər yaşayan Sen-Maksimen qışda ''Napoli''yə yollanmağa yaxın olsa da, bu transfer son anda baş tutmadı.
28 yaşlı futbolçu ''Tviç''də qatıldığı bir canlı yayında Türkiyədə keçirdiyi günlərə dair mühüm, hətta qalmaqalları etiraflar edib:
''Mövsüm həm mənim, həm də komanda üçün üzücü keçdi. Elə fanatlar üçün də. Amma onlar buna layiq deyil. Mən Türkiyəyə çempion olmaq üçün gəlmişdim. Amma klubun ətrafında o qədər pis şeylər baş verir ki, çempion olmaq mümkün deyil. Həm də ''Qalatasaray'' çox rəqabətcil komandadı. Düzdü, Mourinyo çempionluq üçün əlindən gələni etdi. Amma təəssüf ki, klubun ətrafında çox şeylər baş verir. ''Fənər''in çempion ola bilməməsinin səbəbi klubun ətrafında futboldankənar olayların yaşanmasıdı. Sizə adi bir örnək verim. Mənə orda dopinq verməyə çalışdılar. Sizə bunun nə qədər ciddi olduğunu anlatmaq üçün söyləyirəm. Bunlar insanların bilmədiyi və heç kimin dilə gətirmədiyi şeylərdi. Çünki səni açıq-aydın təhdid edirlər. Sənə ''bunu kiməsə desən, elə edəcəyik, belə edəcəyik'' deyirlər. Sonda qaçılmaz olaraq bir nöqtəyə gəlirsən və bəzi şeylər yaşayırsan. Elə şeylərlə qarşılaşırsan ki, bunun futbol çərçivələrini aşdığını anlamağa başlayırsan. Bəzi dərmanlar qəbul etdikdə artıq nəyin nə olduğunu bilmirsən. Kimin nə təlimat verdiyini bilmirsən. Hər şey qarışıq hal alır. Öz-özünə ''bunu qəsdən etdinmi'' və ya ''bu etdiyin normaldımı'' kimi suallar verirsən. Vaxt ötdükcə bədəninə müəyyən şeylər vuran insanların içində olduğunu fərq edirsən. Orda həqiqətən də çılğın şeylər yaşadım. Bu və digər idmandan kənar olaylar mənə də, ailəmə də təsir etdi. Bu şərtlər altında yaxşı futbol sərgiləmək mümkün deyil''.
Sen-Maksimenin bu sözləri sosial şəbəkələrdən əsil ''bomba'' effekti verdi və futbolsevərlər arasında böyük müzakirələrə səbəb oldu. Qalmaqalın böyüdüyünü görən təcrübəli futbolçu daha sonra yeni bir açıqlama verərək sözlərini bir qədər ''malalamağa'' çalışdı:
''Tvitter''də işlərin çığırından çıxdığını görürəm və sözlərimə aydınlıq gətirmək istəyirəm. Mən klubun ətrafındakı insanlardan bəhs edirəm. Xəstələnərkən mənə demək olar, dopinq sayılan bir müalicə üsulu tətbiq etmək istədilər. Tibbi personalın bunu hansı məqsədlə etmək istədiyini anlamadım''.
''Fənərbaxça'' da bu qalmaqala biganə qalmadı. Rəsmi saytda yerləşdirilən bəyanatda futbolçunun bu sözlərinin klubun nüfuzuna xələl gətirdiyi qeyd olundu. Eyni zamanda klubun hüquqlarının qorunacağı bildirildi. Yəni Sen-Maksimenin bu sözlərə görə başı ciddi şəkildə ağrıya bilər.