Bakı şəhəri, Xətai rayonu, “UPD” qəsəbəsi kimi tanınan ərazidə (Vərəm dispanserinin ətrafında) yaşayan sakinlər üfunətdən cana doyublar.
Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-a qəsəbə sakinləri tərəfindən daxil olan şikayətdə bildirilir ki, zibil maşınları məhləyə daxil olub zibil qutularını boşaldandan sonra, çirkli suyu yerə axıdaraq, çıxıb, gedirlər.
“Yayda iydən dayana bilmirik. Ağcaqanad, milçək toplaşır. Zibil maşınları gəlib-gedəndən sonra küçədən zibil suyunun qoxusu getmir. Uşaqlar həyətə oynamağa çıxa bilmir. Canımız boğazımıza yığılıb, nə edək, dərdimizi kimə deyək?!”, – sakinlər bir ağızdan qeyd edirlər.
Vəziyyət o həddə çatıb ki, onlar media orqanına üz tutublar.
Sakinlərin şikayəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.
İdarədən bildirilib ki, suyun yerə axması mümkün deyil.
“164 yeni maşın alınıb və istifadəyə verilib. Onların xüsusi bölmələri suyun yerə axmasının qarşısını alır. Bütün zibil suları həmin bölmələrə yığılaraq, maşının içərisində qalır.
Həmçinin konteynerlərə su haradan dolacaq ki, yerə də dağılsın?” – deyə qeyd olundu.