AZ

Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Daha sonra tədbirdə çıxış edən cənab Prezident bildirib ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlət başçısı bildirib: “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”. “Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var” bu sözləri Prezident cənab İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

Xankəndidə keçirilən beynəlxalq zirvə təkcə fiziki məkan seçimi deyildi — bu, postmünaqişə dövründə beynəlxalq hüququn, dövlət suverenliyinin və normativ gücün təcəssümünə çevrildi. Qarabağ münaqişəsinin diplomatik və hərbi mərhələlərini uğurla tamamlamış Azərbaycan indi həmin məkanları regional və qlobal dialoqun platformasına çevirir.

2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan təkcə ərazilərini azad etmədi, həm də regional güc mərkəzi statusunu institusionallaşdırmaq üçün imkanlar əldə etdi. Xankəndidəki Konqres Mərkəzində keçirilən ECO Zirvəsi bu statusun ilk bariz nümunələrindən biridir.

Prezident İlham Əliyevinnitqində diqqət çəkən əsas xətlərdən biri beynəlxalq hüquqa söykənən keçmişin hesabı ilə gələcəyin konturlarının eyni səhnədə təqdim olunması idi. Ermənistanın törətdiyi etnik təmizləmə, dini, mədəni abidələrin dağıdılması və minatəmizləmə problemi yalnız bir dövlətin faciəsi kimi yox, beynəlxalq hüququn selektivliyinə qarşı ünvanlanmış strateji xəbərdarlıq kimi təqdim olunurdu.

Həmçinin ölkə başçısı qeyd edib ki, hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ermənistanın ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayıb: “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar. Biz keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk”.

Azərbaycan lideri bir vacib məsələni də iştirakçıların diqqətinə çatdırıb: “Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. ”Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır".

 Ölkəsinin hər zaman ECO-nun işində fəal iştirak etdiyini söyləyən cənab Prezident bildirib ki, quruma üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.

 

Fuad Hüseynzadə

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

 

 

Seçilən
12
50
azerforum.com

10Mənbələr