ain.az, Apa.az portalına istinadən məlumat verir.
Çin hökuməti Avropa İttifaqından tibbi avadanlıqların idxalına məhdudiyyətlər tətbiq edib.
APA-nın məlumatına görə, bu barədə bu gün Çin Maliyyə Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər ümumi dəyəri 45 milyon yuanı (təxminən 5,3 milyon avro) aşan məhsullara şamil olunur və dərhal qüvvəyə minib.
Eyni zamanda, Çin hökuməti tərkibində 50 faizdən çox Aİ-də istehsal olunmuş komponentlər olan üçüncü ölkələrin tibbi texnikalarının da idxalını məhdudlaşdırır.
Ancaq bu qadağa Avropa şirkətlərinin Çində istehsal etdiyi məhsullara şamil edilmir.
“Avropa İttifaqının proteksionist siyasətinə cavab olaraq bu addımı atmağa məcbur olduq"
Çin Ticarət Nazirliyinin yaydığı açıqlamada vurğulanıb ki, Çinin göstərdiyi xoş niyyət və səmimiyyətə baxmayaraq, Avropa İttifaqı yeni məhdudiyyətlər və proteksionist baryerlər tətbiq etməkdə israrlıdır. Qeyd edilib ki, Pekin buna cavab olaraq məcburi addımlar atıb.
Avropa Komissiyasının araşdırması və artan ticarət gərginliyi
Qərar Avropa Komissiyasının Çin dövlət satınalmalarında Avropa şirkətlərinə bərabər imkanların verilib-verilmədiyini araşdırmaq məqsədilə başladığı təhqiqat fonunda qəbul olunub.
Brüssel Çin hökumətinin tenderlərdə Avropa istehsalçılarına qarşı ədalətli rəqabət şəraiti yaradıb-yaratmadığını müəyyənləşdirmək istəyir.
Əgər araşdırma nəticəsində Avropa şirkətlərinə maneələr aşkarlanarsa, Çin şirkətlərinin Aİ tenderlərində iştirakı məhdudlaşdırıla bilər.
Pekin Aİ məhsullarına qarşı digər məhdudiyyətlər də tətbiq edib
Çin ilə Aİ arasında artmaqda olan ticarət mübahisəsi çərçivəsində iyulun 4-də Çin Avropadan idxal olunan konyak brendləri üçün idxal rüsumlarını artırıb.
Ən yüksək rüsum artımı 34,9 faiz olmaqla "Hennessy" konserninin içkilərinə şamil edilib.
"Remy Martin" üçün bu göstərici 34,3 faiz, "Martell" üçün isə 27,7 faiz təşkil edib.
Qeyd edək ki, Çin 2024-cü ildə Avropa brendisinə qarşı anti-dempinq araşdırmasına başlamışdı.
Bu, Avropa İttifaqının Çin istehsalı elektromobillərə əlavə gömrük rüsumları tətbiq etməsi ilə bağlı müzakirələrə cavab sayılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.