Mən səmimi qəlbdən şadam ki, məhz qardaş ölkədə uğur qazanmışam. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə, iki qardaş ölkənin çiçəklənməsinə töhfə vermək üçün əlimdən gələni edəcəyəm.
“İki sahil” xəbər verir ki, bunu 2024/2025-ci tədris ili üzrə Ankaranın TED Universitetinin ən yaxşı məzunu elan edilən Aytac Əliyeva AZƏRTAC -a bildirib. O, “Psixologiya” proqramı üzrə təhsilini maksimum 4 baldan 3,98 balla başa vurub.
Universitetin rektoru, professor İhsan Sabuncuoğlu və Qəyyumlar Şurasının sədr müavini Kartal Usluel Türkiyənin aparıcı ingilisdilli universitetlərindən birinin ən uğurlu məzununa diplom və fərmanları təqdim ediblər.
Ölkəmizin Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova adından məzuna təbrik plaketi təqdim olunub.
Rektor İ.Sabuncuoğlu məzunları həm Türkiyənin, həm də dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın inkişafına töhfə verən “TED” Universitetinin nüfuzuna diqqət çəkib.
Daha sonra söz A.Əliyevaya verilib, o, universitetin yüzlərlə məzunu adından “TED” Universitetinin professor-müəllim heyətinə təşəkkürünü bildirib, eyni zamanda universitetin ən uğurlu məzunu olmaqdan qürur duyduğunu bildirib.
“Psixologiya” ixtisası üzrə təhsilini başa vuran həmyerlimizin çıxışı universitetin müəllimləri ilə yanaşı, Ankaradakı “TED” Universitetinin məzunlarının doğmaları və yaxınları tərəfindən alqışlarla qarşılanıb.