İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə açılışı olan Ağdam rayon Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi bunun daha bir nümunəsidir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub.
Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.
“Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib”, - deyə L.Sarabi vurğulayıb.