AZ

Qırmızı diplom SEVDASI – Hansısa FAYDASI VAR?

Şagirdlər məktəbdən, tələbələr isə universitetdən məzun olduqdan sonra  onlara maraqlı məqamlardan biri də attestat və diplom qiymətləridir. Xüsusilə, diplomun və yaxud attestatın qırmızı olması hər zaman ayrıca bir sevincə səbəb olur. Belə ki, qırmızı attestat şagirdin bütün fənlər üzrə illik qiymətlərinin “əla”, yəni 5 olmasını, həmçinin buraxılış imtahanından da yüksək nəticə toplamasını göstərir. Qırmızı diplom da ali təhsil müəssisələrində verilən xüsusi göstəricidir. Bunun üçün də tələbənin qiymət göstəriciləri nəzərə alınır. 

Maraqlıdır ki, diplomun və ya attestatın qırmızı olması gələcəkdə iş həyatına hər hansı bir xüsusi təsir göstərir? Ümumiyyətlə, qırmızı attestat və diplom alanlar hər hansı bir güzəştdən yararlana bilirlər?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Bizim.Media-ya açıqlamasında bildirib ki, qırmızı diplom və qırmızı attestatla bağlı az da olsa müəyyən güzəşt və imtiyazlar var. 

“Bu məsələlər məndə qıcıq yaradır”

“Bunlarla hər kəs tanış ola bilər. Amma şəxsən mən bilərəkdən bunları sadalamaq istəmirəm:

Səbəbi isə budur: artıq bu cür məsələlər tam səmimi deyirəm ki, şəxsən məndə qıcıq yaradır.

Axı niyə bu cür yanaşmalar hələ də davam etməlidir?! Narazılığım xüsusən də qırmızı diplomla bağlıdır. Qırmızı və ya göy diplom, hər hansı rəng bir şəxsin əmək bazarındakı mövqeyini, hər hansı ixtisasla bağlı kadrın peşə səriştəsini necə nümayiş etdirə bilər?! 

Sabah həmin şəxsin iş yerindəki bacarıqsızlığını diplomun rəngi aradan qaldıra biləcəkmi?!

Odur ki, məsələyə subyektiv yanaşaraq ümumiyyətlə qırmızı diplom və onun qazandırdığı imtiyazlar, güzəştlər haqqında danışmaq belə istəmirəm. Əmək bazarında  bizdən ixtisasla bağlı dövlət sənədi, yəni diplom özü tələb olunur, rəngi yox. Bundan başqa əmək bazarında bizdən bitirdiyimiz ixtisasla bağlı nəzəri baza və praktiki bacarıq tələb olunur, diplom yox”, -deyə ekspert  qeyd edib.

Elmin Nuri deyir ki, qırmızı diplom , yaxud qırmızı attestat sadəcə, psixoloji tendensiyadır. 

“O sadəcə bir mühitdə təhsilə olan qeyri-adekvat yanaşmanın göstəricisidir. XXI əsrin 25-ci ili süni intellekt dövrü bəzən heç diplomun özünə belə ehtiyac görmür, qalmışdı ki, onun rəngi ola... 

Qırmızı attestatla bağlı mövqeyim də məhz belədir. Amma burada müəyyən qədər anlayış göstərmək olar. Yəni həyata yenicə atılan gəncin zəhmətinin fərqlənmə göstəricisi kimi qırmızı attestatı təqdir edə bilərik. Amma bu qırmızı rəng onun universitetə qəbulunda, digər məsələlərdə zərrə qədər də rol oynamamalıdır. Zatən oyanmır da....”.

Nəzrin Mirzəyeva, Bizim.Media
 

Seçilən
7
47
bizim.media

10Mənbələr