“Uzun axtarışlardan sonra məhz bu mütəxəssislərin üzərində dayandıq”.
Bu sözləri Offsideplus.az-a açıqlamasında “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov klubdakı yeni təyinatlarla bağlı danışarkən deyib.
Bir gün öncə Tovuz təmsilçisinin əsas komandasına 3 təyinat baş tutub. Qazaxıstanlı Aleksandr Kornilova həkim, italiyalı Marko Kaserə fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaroya isə atletik hazırlıq üzrə məşqçi vəzifəsi tapşırılıb.
S.Nəsibov sözügedən təyinatlara münasibət bildirib: “Klubun maliyyə şərtlərinə uyğun yüksək peşəkarlığa malik şəxslər axtarırdıq. Onlardan biri - Aleksandr Kornilovla əvvəllər çalışdığımız üçün işinə bələdik. Digər ikisinin isə italyan olması sırf təsadüfdür. Bizim üçün çalışacağımız mütəxəssisin hansı ölkədən olmasının və milli mənsubiyyətinin heç bir əhəmiyyəti yoxdur. Önəmli olan peşəkarlığıdır”.
Klub rəsmisi vurğulayıb ki, "Turan Tovuz"da xarici məşqçilərlə əməkdaşlıq yeni təcrübə deyil: “İki il öncə də bizdə ispan məşqçi vardı. Ondan əvvəllər də xarici məşqçilərlə çalışmışıq. Futbol dünyasında belə bir fikir var ki, ispan və italyan fiziki hazırlıq məşqçiləri nisbətən daha peşəkar olur. Çünki onların məktəbləri daha yaxşıdır. Düzdür, biz öncədən məhz bu millətlərdən məşqçi axtarmırdıq, ancaq yekunda belə alındı. Çempionatın gedişində akademiyadakı gənc məşqçiləri də sözügedən mütəxəssislərlərlə iş prosesinə cəlb edəcəyik. Əcnəbi mütəxəssislər bu gün var, sabah yoxdur. İstəyirik ki, bizim özümüzdə də peşəkar mütəxəssislər yetişsin”.
Qeyd edək ki, hər 3 mütəxəssislə 1 illik müqavilə imzalanıb.