AZ

Süni İntellekt çağında ana dilimizin suverenliyi: DİM və AAK elm və təhsili rus dilindən necə asılı saxlayır?

Rus dilinin Azərbaycan cəmiyyətinin real ehtiyaclarına uyğunlaşdırılması yönündəki müzakirələr son dərəcə faydalı oldu. Zənnimcə, bu müzakirələr nəticəsində cəmiyyətin bütün qatları bir daha fərqində oldular ki, rus dilinin yayğınlaşdırılmasının Kreml tərəfindən imperial nüfuz dairəsinin genişləndirilməsi aləti və amili kimi götürülməsi Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. İstər potensial, istərsə də real müstəvidə.

Bu təhdidlərin geniş zolağını müəyyənləşdirmək üçün respublikamızın “Milli təhlükəsizlik haqqında” qanunu ilə tanış olmaq kifayətdir. Qanunu bir məqalədə tam şəkildə şərh etməyə, təbii ki, imkanımız yoxdur. Lakin bir neçə müddəanı xatırlatmağa böyük lüzum var. Sözügedən qanunda həm təhsilin keyfiyyətinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi, həm də Azərbaycanın tarixinə, dilinə, mədəni irsinə və mənəvi sərvətlərinə qəsd edilməsi, onların xarici və daxili təzyiqlərə məruz qalması milli təhlükəsizliyimizə qarşı təhdidlər olaraq vurğulanır.

Heç kimə sirr deyil ki, Azərbaycan təhsil sistemi uzun illər ərzində rus dilinin güclü təzyiqi altında olub. Bu təzyiq təkcə dil səviyyəsində qalmayıb, həm də təhsilin strukturuna, məzmununa, resurslarına və texnoloji alətlərinə qədər genişlənib. Müstəqillik qazandıqdan sonra Azərbaycan istər təhsil, istərsə də texnoloji müstəvilərdə öz suverenliyini möhkəmləndirmək, rəqəmsal dövrdə ölkənin gələcək innovativ potensialını formalaşdırmaq üçün prinsipial addımlar atıb. Bu addımlar sosial-mədəni sahədə Azərbaycanın dövlət dilini önə çıxarsa da, etiraf edək ki, elmi və texnoloji müstəvidə xeyli ciddi problemlə üz-üzəyik. Düşünürəm ki, söhbət açılmışkən bu problemlərin həlli barədə də bir toplum olaraq birlikdə düşünməkdə fayda var.

Dünya elmi və texniki baxımdan sürətlə dəyişir. Süni İntellekt tamamilə fərqli reallıqlar yaradır. Bu, qaçılmaz, sürətli və qlobal transformasiya önümüzə bir sual çıxardır: biz texnoloji müstəqilliyə malik olmaq, yoxsa digital koloniyaya çevrilmək istəyirik? Əlbəttə, cavab məlumdur və bu məlum cavab Azərbaycan dilinin Süni İntellekt proqramları üçün prioritetə çevrilməyimizi bir nömrəli milli vəzifə kimi qarşımıza məqsəd qoyur. Bu gün dünyada fərdlərin neçə dil bilməsi sosial prestijlə bağlı məsələdir. Əsas məsələ Süni İntellektin dil bilikləri, data bazasıdır.

  • Süni İntellekt nə qədər Azərbaycanca danışır və düşünür?
  • Süni İntellekt Azərbaycan dilində nə qədər dataya malikdir?
  • Süni İntellekt Azərbaycanın texnoloji müstəqilliyinə nə qədər dəstək verir?

Bütün bu sualların cavabı Azərbaycanın təhsil sistemindədir. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın təhsil sistemi qarşıda duran əsas məqsəd və vəzifələrə deyil, formalizmə, sertifikasiyaya, testə-tapmacaya odaklanıb. Dağa-daşa düşməyə gərək yoxdur: təhsil sektorundan gündəmə çıxan və çıxarılan əsas başlıqlar nədir? İmtahanlar, sertifikasiyalar, testlər, qanunlara və pedaqoji etikaya sığmayan hərəkətlər! Azərbaycanın ali məktəbləri pedaqoji kadrlar hazırlayır, bunu təsdiq edən diplomlar verir. Sonra bizim müvafiq nazirliyimiz deyir ki, mən öz verdiyim, təsdiq etdiyim diploma şübhə edirəm, müəllim kimi çalışmaq üçün məzunları, pedaqoji fəaliyyətə davam etmək üçün təhsilverənləri imtahana çəkirəm. Bu işə xərclənən resursları və enerjini kadrların peşə hazırlığının yüksəldilməsinə, Süni İntellekt əsaslı təhsilə yönəltmək daha doğru olmazmı?

Süni İntellektin Azərbaycan dilində “sərbəst danışması” və “düşünməsi” üçün ilk vacib şərt ana dilimizdə geniş və keyfiyyətli data bazasının formalaşdırılmasıdır. Bu baza yalnız dərsliklər və rəsmi sənədlərlə məhdudlaşmamalı, gündəlik danışıq dili, sosial media yazıları, publisistika, elmi məqalələr, dialoqlar, audio və video transkriptlər kimi müxtəlif mənbələri əhatə etməlidir. Dil modeli yalnız struktur deyil, həm də real istifadə nümunələri əsasında öyrəndiyi üçün mətnlərin təbii və müxtəlif olması həlledici rol oynayır.

İkinci tələb, təqdim olunan mətnlərin tərcümə deyil, orijinal Azərbaycan dilində yazılmış olmasıdır. Mətndə kontekst, üslub, ifadə tərzi və semantik incəliklər yalnız dilin öz daxilindən çıxarıldıqda düzgün modelləşdirilə bilər. Ədəbi dil, danışıq dili və sahəvi terminologiyanın birlikdə istifadəsi Süni İntellektin dili daha dərindən anlamasına imkan verir və daha təbii cavabların yaranmasını təmin edir.

Üçüncü əsas tələbat isə, bu məlumatlar əsasında dil modelinin yenidən öyrədilməsidir. Yəni toplanmış data üzərində təkrar təlim aparılmalı və Azərbaycan dilinə uyğunlaşdırılmış ayrıca model yaradılmalıdır. Bu proses yalnız texniki deyil, həm də strateji məsələdir. Çünki milli dilin Süni İntellekt sistemlərinə tam inteqrasiyası texnoloji müstəqilliyin əsas şərtlərindən biridir.

Seçilən
12
50
aznews.az

10Mənbələr