AZ

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi 6,4 hektar sahəni əhatə edəcək

Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndi şəhərində tikintisi həyata keçiriləcək layihələrdən biri də Dəmir Yolu və Avtovağzal Kompleksidir. Kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat səfər etməsində böyük rol oynayacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Qarqar çayının sağ sahilində 6,4 hektar ərazidə tikiləcək Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsi işlərinə başlanılıb. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası planlaşdırılıb. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000, avtovağzal isə 1000-1200 sərnişinə xidmət edəcək.

Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçid daxildir. Bundan başqa, avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerjidoldurma cihazları, velosiped yolu və dayanacağı nəzərdə tutulub.

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 kilometr yaxın məsafədə yerləşir. Bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin edəcək.

Ümumilikdə Ağdam - Xankəndi dəmir yolu boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin və digər zəruri infrastrukturun tikintisi planlaşdırılıb.

Bərdə - Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam - Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Ağdam - Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.

Seçilən
0
50
hafta.az

10Mənbələr