Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo papaların yayda istirahət etdiyi iqamətgaha köçüb.
Publika.az xəbər verir ki, Roma Papası yay tətilini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahda keçirəcək. Papa Leo iyulun 6-dan 20-dək Albano vulkanik gölünün sahilində yerləşən bu yay iqamətgahında qalacaq, burada messalar keçirəcək. Bu müddət ərzində Vatikanda bütün görüşlər və qəbullar dayandırılacaq, iyulun 30-dan isə yenidən bərpa olunacaq. Papa Leo avqustun 15-dən 17-dək də Kastel Qandolfoda qalacaq.
Qeyd edək ki, yay iqamətgahı 12 il sonra XIV Leo tərəfindən istifadə olunacaq. Mərhum Papa Fransisk yayda Vatikanda qalmağı seçərək iqamətgahdan istifadədən imtina etmiş, 2016-cı ildən buranın turistlər üçün açıq muzey kimi istifadə olunması göstərişini vermişdi. Bununla da, Roma papalarının ənənəsi pozulmuşdu. İqamətgahda yaşayan sonuncu Papa XVI Benedikt olub.
Burada İsveçrə qvardiyasına məxsus geyimlər, papanı yürüşlərdə daşımaq üçün istifadə olunan portativ taxt və digər əşyalar yerləşən sərgi otaqları var. Həmçinin bütün papaların portretləri nümayiş olunan qalereya, qonaqların qəbul edildiyi gözləmə otaqları yerləşir. Malikanədə papanın ofisləri, kreslosu, iş masaları, kitab rəfləri, yataq otağı, qurbangah və kiçik kilsə var.