AZ

"Bu cür hadisələr futbolumuzu uçuruma aparır" - MÜSAHİBƏ

Azərbaycan futbolunun ən ağrılı yeri uşaq futboludur.

Bütün futbol ictimaiyyəti danışır, müzakirə edir, amma əmələ gələndə hərə yaxasını bir kənara çəkir.

Təbii ki, əlini daşın altına qoyanlar da az deyil.

Məsələn, sahibkar İlham Hacıbalayev kimi.

Böyük biznes sahibi deyil, amma uşaq futboluna yanan böyük ürəyi var.

Heç bir qarşılıq ummadan bu sahəyə maliyyə ayırır.

Bəli, onun yaratdığı Anar Futbol Məktəbində bu gün çox sayda azərbaycanlı balası futbolun sirlərini öyrənir.

Akademiyanın məşqçisi isə veteran futbolçu Akif Hümbətovdur.

Gənc mütəxəssislə söhbətimiz də məhz məktəbin fəaliyyəti, gələcək planları barədə oldu.

- Anar futbol məktəbini ötən il yaratmışıq. Bakının üç fərqli nöqtələrində fəaliyyət göstəririk.

- Məktəbin adının Anar olması nə ilə bağlıdır?

- İlham adında bir dostumuzun bu adda şirkəti var. O bizə maliyyə dəstəyi göstərir. Uşaq futboluna öz töhfəsini verir. Allah ondan razı olsun. Adın belə seçilməsi məhz bu məqamla bağlıdır.

- Uşaqlar məktəbə ödənişli əsaslarla qəbul edilir?

- Təxminən 12 uşaq ödənişsiz futbolun sirlərini öyrənir. İlham müəllim həmin kasıb balaların futbol öyrənməsinə vasitəçi olur.

- AFFA-nın təşkil etdiyi liqalarda çıxış edirsiniz?

- Bəli. U-11 və U-12 Liqasında çıxış etdik. U-11 liqasında üçüncü pilləni tutduq. U-12 liqasında nəticələr qeydə alınmasa da çıxışımızdan məmnun qaldığımızı deyə bilərik. Çempionat ərzində "Sabah", "Qarabağ", "Vətən" və "Təhsil" kimi rəqiblər məğlub etməyi bacarmışıq. Qısası, qısa müddətdə yaranmağımıza baxmayaraq işlər yaxşı gedir.

- Umumiyyətlə, məktəbinizdə hansı yaş qrupları fəaliyyət göstərir?

- 5 yaşdan 13 yaşa qədər uşaqları qəbul edirik.

- Uşaq futbol məktəbini yaratmaqda sizi nə cəlb etdi?

- Əslində digər akademiylarda məşqçi kimi çalışa bilərdim. Təkliflər də almışdım. Amma bu gün bizim yaralı yerimiz uşaq futbolunda yanaşmanın səhv olmasıdır. Hamı akademiyalarda yola verir. İş düzgün qurulmursa, biz uşaqlardan nəsə tələb edə bilmərik. Təməldə düzgün dərslər keçirilmədiyi üçün böyük futbolda da əziyyətini çəkirlər. Futbolumuzun inkişafını istəyiriksə, uşaq futboluna düzgün məşqçilər seçməliyik. Futbola canım yanır. Özüm də kasıb ailədə olmuşam. İstədim ki, özüm fərdi olaraq bu işə başlayım.

- Uşaqların vəziyyəti necədir?

- Super. Çox istedadlı uşaqlar var. Bir neçə oyunçumuza təklif olunub. Hətta mənim özümə də dəvət olunub. Amma özüm getməyi düşünmürəm.

- Adətən uşaq futbolunda 14-15 yaşa qədər yaxşı istedadlarımız olduğu deyilir. Bəs nə mane olur ki, sonrakı mərhələdə onları görə bilmirik?

- 7-7, 9-9 futbolun faydası var. Amma biz inkişaf istəyiriksə uşaqlar elə aşağı yaşlardan 11-11-ə oynamağı da öyrənməlidir. Belədə sürət olur. 12-13 yaşa qədər 7-7-yə oynamağa meydança var. Amma yuxarı qalxdıqca meydança belə yoxdur ki, uşaqlar 11-11-ə oynasın. Stadion məsələsində çox əziyyət çəkirik. İlham müəllim sağ olsun. Şərait yaradır gedib rayonlarda oyunlar keçiririk. Hətta bəzən bir neçə gün qalırıq ki, daha çox oyun keçirək. Uşaqlar da sevinir. Özləri mənə deyir ki, müəllim, böyük meydanda oynamaq tam başqadır. Bu gün çalışmalıyıq ki, stadionlarımızı bərpa edək. Ən vacib amillərdən biridir. Azərbaycanda hər zaman yaxşı futbolçu olub, var və olacaq da. Sadəcə düzgün yanaşma, şərait olmalıdır. Heç kim əziyyət çəkmək istəmir.

- Uşaqlarla işləməyin nə kimi çətinlikləri var?

- Uşaqlarla dost, qardaş kimiyəm. Tək məşqçi kimi yox, həm də dost olmağı bacarmalıdır. Nöqsanları dediyimiz kimi sevməyi də bilməlidir.

- Hər kəs uşaq futbolunun problemlərindən danışdığı halda "Qəbələ" futbol akademiyasının fəaliyyətini dayandırmasını necə qarşıladınız?

- Çox təəccübləndim. Təəssüf ki, Azərbaycan futboluna böyük töhfə vermiş akademiya bu gün dağıldı. Biabırçılıqdır! Bu cür hadisələr futbolumuzu uçuruma aparır. Legioner limitinin ləğvi də bunda rol oyandı. Onsuz da yerli uşaqlar az şans alırdı. İndi vəziyyət daha da pis olacaq. Bizim dövrümüzdə eyni mövqeyə 3 futbolçu dəvət alırdı. Ondan da ikisi seçilirdi. İnkişaf üçün rəqabət olmalıdır.

- Başverənlər sizə mənfi təsir edir?

- Xeyir, biz önümüzə baxırıq. Məqsədimiz Azərbaycan futbolunda fayda verməkdir.

XANOĞLAN İMANOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Seçilən
8
50
sportinfo.az

10Mənbələr