Hakki Akdeniz restoran sektorunda uğura gedən yolu ilə ilham verən sahibkarlar sırasında yer alır. 1984-cü ildə Türkiyənin Diyarbakır şəhərində anadan olan Hakki, çoxuşaqlı bir ailədə böyüyüb.
Valyuta.az xəbər verir ki, uşaqlıqdan pizza və lahmacuna maraq göstərən Hakki, 1997-ci ildə Kanadaya mühacir kimi yollanıb, 2001-ci ildə isə ABŞ-a gəlib.
Nyu Yorkda pizza dükanlarında çalışaraq təcrübə qazanan Hakki, uzun müddət evsiz olaraq küçələrdə yaşayıb. Bütün bu çətinliklərə baxmayaraq, o, öz məqsədindən dönməyib və 2009-cu ildə "Champion Pizza" adlı ilk restoranını açıb.
Əvvəlcə "Hakki Pizza" adı ilə tanınan bu müəssisə 2010-cu ildə pizza yarışmasında qalib gəldikdən sonra "Champion Pizza" adını alıb. Bu uğur onu daha geniş auditoriyaya tanıtdı və biznes sürətlə böyüməyə başladı. 2024-cü ilə qədər şəbəkə 15 restorana çatdı, əsas mərkəz Nyu York olsa da, Texas və Florida kimi ştatlarda da filiallar fəaliyyət göstərir. Champion Pizza təkcə restoran kimi deyil, həm də sosial məsuliyyətli bir brend kimi tanınır.
Hakki Akdeniz-in sosial şəbəkələrdə də böyük izləyici kütləsi var. Instagram-da 3,5 milyondan çox izləyicisi olan sahibkar, bu platforma vasitəsilə təkcə məhsullarını deyil, həm də sosial mesajlarını paylaşır. Sosial media fəaliyyətindən aylıq təxminən 253–347 min ABŞ dolları, illik isə 2,9–3,9 milyon ABŞ dolları arası gəlir əldə etdiyi bildirilir. Bu gəlirlər təkcə restoran biznesindən deyil, həm də fərdi brendindən qaynaqlanır.
Onun uğuru təsadüf deyil. Pizza yarışmalarında qazandığı birinciliklər, öz resepti ilə hazırladığı souslar və müştəri yönümlü xidmət modeli ilə Hakki, ABŞ-da pizza sektorunda tanınan simalardan birinə çevrilib. Eyni zamanda, sosial məsuliyyət onun biznes modelində önəmli yer tutur. Evsizlərə və aztəminatlı ailələrə göstərdiyi dəstək, yemək yardımları və ictimai layihələrlə Hakki Akdeniz cəmiyyətə verdiyi töhfə ilə də tanınır.
Hazırda onun şəxsi sərvətinin dəqiq miqdarı açıqlanmasa da, restoran şəbəkəsindən və sosial media fəaliyyətindən milyonlarla dollar gəlir əldə etdiyi güman edilir. Gələcək planları arasında sosial təşəbbüsləri genişləndirmək və yeni brend məhsullar təqdim etmək yer alır.
Hakki Akdeniz-in hekayəsi çətinliklərə baxmayaraq məqsədə çatmağın mümkün olduğunu göstərir. Onun qurduğu "Champion Pizza" brendi keyfiyyətli məhsul, güclü şəxsi hekayə və sosial məsuliyyət prinsipləri ilə birləşərək restoran biznesində uğurlu bir nümunəyə çevrilib.
Mayya Hüseynova