İstər Birinci Qarabağ müharibəsi, istər 2020-ci il Vətən müharibəsi zamanı bu torpaq üçün canını verən hər bir şəhidin itkisi bizim üçün ağırdır. Hər dəfn mərasimi yalnız bir ailənin yox, bütün bir xalqın içində dərin iz buraxır.
Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçi Mehman Musayevin hekayəsi bəlkə də illərlə yaddaşlardan silinməyəcək.
Ötən həftə keçirilən dəfn mərasimində çıxış edən şəhidin nişanlısı Sevda Əliyevanın qəhər dolu sözləri hər kəsi pərişan etdi.
“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım”.
İlahi, 32 il bir insanın yolunu gözləmək nə deməkdir?! Günləri, ayları, illəri bir sual ətrafında yaşamaq: “Bəlkə bu gün qapı döyülər...”. Bir çoxları “o, ölüb” desə də, Sevda xanım bir an da ümidini üzməyib.
Bəzən bir insanın gəlməyəcəyini ürəyində hiss edirsən. Gözlədiyin insanın səsi artıq susub, ayaq səsləri zamanın harasındasa itib. Amma sən gözləyirsən. Çünki bu, artıq sadəcə bir insanı gözləmək deyil, adın namus kimi qorunması, sevginin şərəf kimi yaşadılmasıdır.