ABŞ ictimaiyyətində illərdir müzakirə edilən və bir çox sui-qəsd nəzəriyyələrinə mövzu olan qızlara qarşı cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbsdə olarkən ölü tapılan milyarder Ceffri Epşteyn məsələsində Tramp administrasiyası ilk dəfə rəsmi açıqlama ilə susqunluğunu pozdu.
Publika.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi (DOJ) və Federal Təhqiqat Bürosu ( FTB ) tərəfindən hazırlanan və ABŞ mətbuatına sızan iki səhifəlik sənədə görə, Epşteynin ölümündə “qətl” və ya “şantaj” iddialarını dəstəkləyəcək heç bir dəlil tapılmayıb.
“Axios”a görə, sözügedən sənədlərlə yanaşı, Tramp administrasiyası 2019-cu ildə Epşteynin saxlandığı Manhetten həbsxanasının bölməsindən həm adi, həm də rəqəmsal olaraq gücləndirilmiş təhlükəsizlik kamerası görüntülərini də yayımlayıb. Hesabatda 9 avqust 2019-ci il saat 22:40-a qədər heç kimin kamera bölməsinə girmədiyi vurğulanıb. Ertəsi səhər saat 6:30-da Epşteyn kamerasında ölü tapılıb.
Epşteynin ölümü məhkəmə-tibbi ekspertiza rəylərində göstərildiyi kimi intihar elan edilib. Belə ki, onun “öldürüldüyü” ilə bağlı illərdir, xüsusən də sağ dairələr tərəfindən səsləndirilən iddialara aydın cavab verilib.
Sənəddə Epşteynin “şantaj yolu ilə hər hansı bir şəxsə nəzarət etdiyinə” və ya “müştərilərin siyahısını saxladığına” dair heç bir konkret dəlil tapılmadığı bildirilir. Hesabatda “başqa şəxslərlə bağlı araşdırma tələb edəcək heç bir dəlilin olmadığı” ifadə edilərək, uzun müddətdir maraq doğuran bu siyahı ilə bağlı ictimaiyyətin gözləntilərinin real olmadığı vurğulanıb.