AZ

Cəlilabadın tüstü içində itən yolları: "Zibillidərə" sürücülər üçün ölüm zonasına çevrilib

CƏLİLABAD, 7 iyul. TELEQRAF

Cəlilabadda “Zibillidərə” kimi tanınan tullantı poliqonunun yandırılması sürücülər üçün ciddi çətinliklər yaradır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad-Yardımlı avtomobil yolunun kənarında yerləşən bu ərazi rayonun bütün məişət tullantılarının daşındığı yeganə məkandır. Lakin burada tullantıların utilizasiyası və ya basdırılması həyata keçirilmədiyi üçün ərazidə vaxtaşırı naməlum şəraitdə yanğınlar baş verir.

Zibillikdə baş verən bu yanğınlar zamanı yayılan qatı tüstü nəqliyyatın hərəkətini çətinləşdirir,hətta bəzi hallarda görmə məsafəsini sıfıra endirir. Məhz bu səbəbdən burada bir neçə dəfə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri də qeydə alınıb.

Bundan əlavə, əraziyə toplaşan sahibsiz itlərin yolda qəfil görünmələri sürücüləri çıxılmaz vəziyyətə salır, bu da qəza riskini daha da artırır.

İllərdir yığılan tullantılar nəticəsində əraziyə yayılan kəskin və üfunətli qoxu isə həm sürücülər, həm də ətraf sakinlər üçün ciddi narahatlıq yaradır.

Yoldan keçən hər kəsin bir istəyi var: bu “Zibillidərə” illərlə yığılan biganəliyin yox, nəhayət təmizlik və təhlükəsizlik naminə atılacaq əməli addımların başlanğıcı olsun. Tullantılar ya düzgün basdırılsın, ya da müasir üsullarla utilizasiya edilsin, ərazi abadlaşdırılsın.

Seçilən
9
18
teleqraf.com

10Mənbələr