Xüsusi Rabitə Xidməti AzTU-da kibertəhlükəsizlik üzrə fərqlənən tələbələri mükafatlandırıb
Ajans.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin informasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs bakalavr tələbələri Tural Səlimov və Orxan Eminbəyli, habelə Universitetin nəzdində Yüksək Təhsil İnstitutunun dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşmasının 2-ci kurs magistr tələbələri Rəna Sadıqova və Aytac Ağayeva xüsusi fərqlənərək qalib elan olunublar. Mükafatlandırılma mərasimində XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov, AzTU-nun rektoru professor Vilayət Vəliyev və digər nümayəndələr iştirak etmişlər. Tədbir zamanı çıxışlarda dövlət qurumları ilə tədris müəssisələri arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasının strateji prioritetlərdən biri olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, XRİTDX ilə AzTU-nun arasında imzalanmış Memorandumun icrası çərçivəsində həyata keçirilən tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi və ölkədə kibertəhlükəsizlik sahəsinin insan resursları potensialının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Memorandum çərçivəsində XRİTDX tərəfindən AzTU-nun informasiya təhlükəsizliyi üzrə bakalavriat pilləsində təhsil alan tələbələrə praktiki-təcrübə proqramı çərçivəsində tədbirlərdə iştirak etmələri üçün şərait yaradılmışdır. Daha sonra XRİTDX-nın nümayəndələri Universitetin müasir tədris infrastrukturu, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində Xidmətlə birgə yardılmış laboratoriyaları, eləcə də rabitə və telekommunikasiya üzrə mövcud müasir tipli tədris otaqları, innovativ təlim metodları üzrə tətbiq olunan qabaqcıl texnologiyalar və sahə üzrə toplanmış təcrübə ilə yaxından tanış olmuşlar.