AZ

Moskvanın anti-Azərbaycan ritorikasına qarşı ölkəmiz özünün haqlı sərt mövqeyi nümayiş etdirdi



Rusiyada yaşayan qeyri-rus xalqlara qarşı müxtəlif vaxtlarda diskriminasiya hallarının şahidi olmuşuq. Bu bir çox hallarda sosial-iqtisadi konteksdən aslı olsa da, Yekaterinburqda baş verən proseslər tamamilə siyasi məzmunlu və sifariş xarakterli idi. Yəni, situasiyanın mərkəzində məhz Kreml dayanırdı. Təbii ki, Moskvanın anti-Azərbaycan ritorikasına qarşı ölkəmiz özünün haqlı sərt mövqeyi nümayiş etdirdi. Lakin, baş verən proseslər fonunda onu da qeyd etmişdik ki, ilk geri addım atacaq tərəf də məhz Kreml olacaq.

Artıq Rusiya cəbhəsindən diplomatik kanallar vasitəsilə gərginliyi azaltmaqla bağlı müəyyən xəbərlər gəlməkdədir. Rusiya nümayəndə heyətinin yaxın vaxtlarda ölkəmizə səfər edəcəyi ilə bağlı yayılan məlumatlar da bunu təsdiq edir.

Bizdə belə bir deyim var ki, "sirkə nə qədər tünd olsa öz qabına zərərdir". Rusiyada yaşayan soydaşlarımız ölkənin istər, iqtisadi, istər mədəni, istərsə də elmi inkişafında mühüm rol oynayırlar. Xüsusilə, demoqrafik böhran fonunda ailə dəyərləri üst səviyyədə olan azərbaycanlılara qarşı mənfi münasibət Moskvanın xeyrinə deyil.

Eyni zamanda, Şərq ölkələri ilə əlaqələrin Rusiya üçün hansı dərəcə əhəmiyyət kəsb etdiyini nəzərə aldıqda Azərbaycanın coğrafi mövqeyi hər şeyi aydınlığı ilə əks etdirir. Hesab edirəm ki, rus siyasi elitası da bunun fərqindədir və anti-Azərbaycan ritorikasının fayda vermədiyini başa düşərək daha da dərin çatlar yaranmadan gərginliyi azaltmaq istəyirlər.

Pərviz Mirizadə, siyasi ekspert
Seçilən
6
50
newscenter.az

10Mənbələr