Fransa hökumətinin müstəmləkəçilik siyasəti günümüzdə bir sıra dövlətlərin tənqid hədəfinə çevrilib. Rəsmi Paris Şimali Afrika və Levant bölgələrindəki keçmiş müstəmləkəçilik irsini davam etdirir, bu regionlarla “tarixi və mədəni əlaqələri”nə istinad etməyə çalışır. Əslində isə bu, neokolonial tendensiyaların və təsir dairəsini qorumaq cəhdlərinin üstüörtülü davamı deməkdir.
Fransa ələ keçirdiyi əraziləri amansızcasına istismar edib, oradan təbii sərvətləri daşımaqla məşğuldur. Əldə edilən bol xammal, ucuz işçi qüvvəsi bu ölkənin iqtisadiyyatı və sənayesi üçün vazkeçilməz mənbədir. Bu gün də belə ölkələrin iqtisadiyyatının güclü olması, əhalisinin zəngin yaşaması məhz müstəmləkə ərazilərinin istismar edilməsinin nəticəsidir.
Maraqlıdır ki, Fransanın ərazisi 551.500 kvadratkilometr olsa da, Beşinci Respublikanın ərazisi bundan xeyli böyük, yəni 1 milyon 111 min 155 kv.km-dir. Yəni, 559 min 655 kv.km-lik ərazi müstəmləkə altında inildəyən ölkələr, adalardır. Fransa bu gün də həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırır. Müstəmləkə ərazilərin istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır.
1960-cı ildə Madaqaskar müstəqillik əldə etdiyi zaman Fransa karbohidrogenlərlə zəngin arxipelaqı özünün xarici ərazilərinə çevirməyi təmin etdi. BMT buna qarşı çıxsa da, rəsmi Paris hələ də mövqeyindən dönmür. Epars adaları isə 1960-cı ildə Madaqaskarın müstəqilliyi ərəfəsində Fransa tərəfindən ələ keçirilib. Buna səbəb strateji mövqe və karbohidrogen ehtiyatlarıdır.
Aradan uzun illər keçsə də, adalar Antananarivo ilə Paris arasında mübahisə nöqtəsi olaraq qalır. On dörd legioner, bir jandarm və bir neçə meteoroloq – bu, Fransanın öz ərazisi hesab etdiyi Epars adalarına “izləmək” üçün yaratdığı batalyondur.
Hind okeanında zəngin flora və faunaya malik beş ada əsl cənnətdir. Amma ən əsası, onların həm də strateji əhəmiyyəti var: hər şeydən əvvəl, həm dəniz yollarına nəzarət etməyə imkan verən coğrafi mövqelərinə, həm də dərinliklərində karbohidrogenlərin bolluğuna görə. Bu regionda xüsusi iqtisadi zonaya sahib olan Fransa özünü buradakı resursları idarə etmək hüququna malik hesab edir.
Madaqaskar da bu əraziləri özününkü hesab edir. Madaqaskar Respublikasının Prezidenti Andri Rajoelina hətta Epars adalarına münasibətdə “milli kimlik” ifadəsini işlədib. Ada sakinləri haqlı olaraq düşünürlər ki, Paris onların hesabına qazanc əldə edir və onları soyur. Əslində, bu fikrin müəyyən əsası var. İnzibati nöqteyi-nəzərdən Epars adaları 1896-cı ildə Fransanın müstəmləkəsinə çevrilən zaman Böyük Adaya aid edilib. Amma siyasi və inzibati hiylələr nəticəsində adanın müstəqilliyi ərəfəsində (26 iyun 1960-cı il) onların idarə edilməsi xüsusi fərman əsasında Fransanın Xarici Ərazilər Nazirliyi və Departamentlərinin yurisdiksiyasına verildi.
Hətta general De Qoll o dövrdə bəyan etmişdi ki, bu adalarda nüvə sınaqları da həyata keçirilə bilər. Təkcə bu fakt Fransanın insan həyatına, təbiətə verdiyi dəyəri göstərir. O vaxtdan bəri region adaları və Eparsın bir hissəsindən ibarət olan Glorieuses arxipelaqı Fransa ilə Madaqaskar arasındakı münasibətlərdə büdrəmə maneəsinə çevrildi.
1976-cı ildə məsələyə cəlb edilən BMT Antananarivonun tərəfini tutaraq iki qətnamə (1979 və 1980) çıxardı, “Fransa hökumətindən “qeyri-qanuni özgəninkiləşdirilən adaların” Madaqaskara qaytarılması ilə bağlı təxirə salınmadan danışıqlara başlamasını tələb etdi.
Afrika İttifaqı və digər ölkələrin sərt tənqidlərinə baxmayaraq, 45 il ərzində heç bir dəyişiklik baş verməyib. Hətta bu məsələ 2019-cu ilin may ayında Parisdə Emmanuel Makron və Andri Radzuelin arasında da müzakirə edilib. 26 iyun 2020-ci il tarixinədək sazişin hazırlanması üçün ikitərəfli komissiya yaradılıb. Lakin Madaqaskar Epars adalarını geri almadan müstəqilliyinin 60 illiyini qeyd etdib. Regiona səfər edən Fransa prezidenti isə bildirib ki, ərazi fransız torpağıdır. 2020-ci ildə Fransa səfiri Madaqaskar XİN-ə çağırılıb və Parisin Epars adalarında milli qoruq yaratmaq planları ilə razılaşmadığı diqqətə çatdırılıb.
Rəsmi olaraq milli təbiət qoruğunun yaradılmasının səbəbi arxipelaqın biomüxtəlifliyini qorumaqdır. Lakin ekoloji məsələdən kənarda diplomatik problem var, çünki Qlori adaları Madaqaskarın iddia etdiyi Epars adalarının bir hissəsidir. Fransa Epars adalarına sahib olmaqla, dibi karbohidrogenlərlə çox zəngin hesab edilən Mozambik boğazının bütün mərkəzi dəhlizi üzərində suverenliyə malikdir.
2019-cu ilin payızında Fransa və Madaqaskar adaların statusunu müzakirə etmək üçün birgə komissiya yaratdılar. Paris Epars adalarının birgə idarə olunması imkanlarını müzakirə etməyə hazır idi. Tezliklə komissiyanın işi dayandırıldı. Rəsmi səbəb koronavirus pandemiyasının başlaması olub. Əsl səbəb isə Fransanın Mozambik boğazının sərvətlərini Madaqaskarla bölüşmək istəməməsidir. Çünki qoruğun yaradılması haqqında fərman iki ölkə arasında danışıqların başa çatması demək ola bilər.
Xuan de Nova, Avropa və Bassas da Hindistan adalarının Madaqaskarın yurisdiksiyasına qaytarılması məsələsi 2021-ci ilin 23 sentyabrında Madaqaskar prezidenti Andri Rajoelina tərəfindən BMT-dəki çıxışı zamanı qaldırılıb. Prezident, eyni zamanda 1979-1980-ci illərə dair BMT qətnamələrinə istinad etsə də, Qərbin ikiüzlü siyasəti burada da özünü göstərib. BMT qətnamələrinin əslində adi kağız parçasından ibarət olduğunu Azərbaycan keçmiş Qarabağ münaqişəsi dövründə də görüb.
Nəhayət, uzun illər sonra - 2025-ci ilin 30 iyun tarixində Makronla Madaqaskar prezidenti arasında Epars adalarının statusuna dair 2-ci görüş baş tutub. Müzakirələr zamanı yekun nəticə əldə edilməsə də, Madaqaskar tərəfi öz mövqeyini açıq şəkildə ifadə edərək konkret tələblərini irəli sürüb:
- Madaqaskarın bu adalar üzərində suverenliyi tanınmadığı dövrdə üzləşdiyi iqtisadi itkilərə görə kompensasiyanın ödənilməsi;
- Madaqaskar balıqçılarının Epars adalarının ətraf sularında sərbəst fəaliyyət göstərməsinə icazə verilməsi;
- Madaqaskarlı alimlərinin regionda aparılan elmi tədqiqatlarda iştirakının təmin edilməsi və keçmiş tədqiqatlara çıxış imkanlarının yaradılması.
Fransanın müstəmləkəçilik siyasəti yürütməsi, buna rəğmən ölkəmizin daxili işlərinə qarışmağa çalışması dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun 2023-cü ilin iyulun 5-də Bakıda öz işinə başlayan nazirlər görüşündə əsas müzakirə mövzularından biri olub.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Dövlət başçısı bildirib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Prezident qeyd edib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.
Onun sözlərinə görə, Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərib:
“Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Qoşulmama Hərəkatı kimi mötəbər qurumların iclaslarında Fransanın müstəmləkəçilik siyasətinə qarşı haqlı çıxışların edilməsi rəsmi Parisə böyük zərbədir. Çünki Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən bir təşkilatdır. Bundan əlavə, rəsmi Bakının Hərəkatın tarixində xüsusi rol oynaması Azərbaycanın xarici siyasətdə artıq dünyada söz sahibinə çevrilməsindən xəbər verir.
Son zamanlar Bakı Təşəbbüs Qrupu afrikaəsilli xalqların Daimi Forumu ilə sıx əməkdaşlıq qurub. Ötən ayın sonlarında (25 iyun) Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr edilmiş “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib. Bu da bir daha sübut edir ki, artıq Bakı dekolonizasiya dialoqlarının mərkəzinə çevrilib. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Bakı Təşəbbüs Qrupu Niderlandın da koloniyalarına dəstək verməyə başlayıb.
Azərbaycan və Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyə qarşı beynəlxalq müstəvidə apardığı mübarizə nəticəsində artan xarici və daxili təzyiqlər Fransa hökumətini əsarət altında saxladığı ərazilərə münasibətdə siyasətini dəyişməyə məcbur edərək, sonuncunu kompromis çıxış yolları axtarmağa vadar edir. Madaqaskar məsələsi ilə yanaşı, E.Makronun Kanakinin (Yeni Kaledoniya) müstəqilliyi uğurunda mübarizə aparan əsas siyasi fiqurlarını Parisə dəvət etməsi, son dövrlərdə öz nümayəndələrini müstəmləkəçilik altında saxladığı ölkələrə intensiv şəkildə ezam etməsi bunun bariz göstəricisidir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, müstəqillik əldə etmək, Fransa əsarətindən qurtulmaq istəyən, hüquqları pozulan ada dövlətləri və digər ərazilər BMT və digər aparıcı beynəlxalq təşkilatların dəstəyinə ehtiyac duyur. Hələlik isə onların səsinə təkcə rəsmi Bakı reaksiya verir, Bakı Təşəbbüs Qrupu aktiv addımlar atır, Fransanı siyasətini dəyişməyə məcbur edir. Bütün günü demokratiya və insan hüquqlarından danışan aparıcı beynəlxalq təşkilatlar və dövlətlər isə ikili standartlarla hərəkət edirlər. Bu isə onların nüfuzuna növbəti zərbə deməkdir. Azərbaycan isə müstəqil xarici siyasəti sayəsində dünyada günü-gündən nüfuzunu artırmaqda davam edir.
Kamil Məmmədov