Cənubi Koreya, daha az yan təsirə malik olduğu bildirilən dünyanın ilk rekombinant zülal əsaslı qarayara (şarbon) peyvəndini hazırlayıb.
Xalqcebhesi.az Yonhap agentliyinə istinadən xəbər verir ki, “Barythrax” adlı bu peyvənd Cənubi Koreya Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Agentliyi (KDCA) tərəfindən hazırlanıb və aprel ayında Qida və Dərman Təhlükəsizliyi Nazirliyi tərəfindən təsdiqlənib.
Peyvənddə, digər analoqlardan fərqli olaraq, xəstəlik törədən mikrobun tamı deyil, yalnız immun sistemi stimullaşdırmaq üçün lazım olan hissəsi istifadə olunub. Bu isə bakteriyanın toksinlərinə məruz qalma riskini minimuma endirərək yan təsirləri azaldıb.
KDCA-nın Xəstəlik Diaqnostikası və Təhlili Departamentinin baş direktoru Kim Qab-jun, yeni peyvəndin ictimai sağlamlığa əhəmiyyətli töhfə verəcəyini bildirib.
Qeyd edək ki, Cənubi Koreyada 2000-ci ildən bəri heç bir qarayara hadisəsi qeydə alınmayıb.
Məryəm Quliyeva