İyul ayının sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi planlaşdırılır. Maraqlıdır, görəsən görüş üçün niyə məhz Dubay seçilib? Bu, təsadüfdür, yoxsa hansısa məqamlar var?
Politoloq Azad Məsiyev KONKRET.az-a açıqlamasında bildirib ki, belə görüşlər sülhə aparan yolda əhəmiyyətli addımlardandır və Dubayda keçiriləcək görüş də bu baxımdan diqqətəlayiqdir.
Azad Məsiyev
Onun fikrincə, görüşün məkanı təsadüfi seçilməyib. Birləşmiş Ərəb Əmirlikləri regionda neytral və balanslı xarici siyasəti ilə tanınır, müxtəlif münaqişə tərəfləri üçün vasitəçi rolunda çıxış etməyə çalışır. Bu da Əmirliklərin geosiyasi nüfuzunu artırmaq istəyindən irəli gəlir. Azad Məsiyev qeyd edir ki, beynəlxalq tədbirlər çərçivəsində keçirilən bu tip görüşlər, həm də tərəflərin rəsmi və qeyri-rəsmi şəkildə mövqelərini təqdim etməsinə və fikir mübadiləsi aparmasına şərait yaradır.
Politoloq əlavə edir ki, Azərbaycan Ermənistanla dinc yanaşı yaşamaq prinsipinə sadiqdir və sülh təşəbbüsü də ilk olaraq Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Lakin Ermənistan tərəfinin bu prosesi ləngitdiyi, sülh sazişi ilə bağlı öhdəliklərdən yayınmağa çalışdığı bildirilir. Xüsusilə, Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarını əks etdirməsi sülh prosesinin əsas əngəllərindən biri kimi qiymətləndirilir.
Azad Məsiyev vurğulayır ki, Azərbaycan sülh prosesinə sadiq qalsa da, Ermənistan tərəfi hələ də təxribat xarakterli addımlardan çəkinmir:
“Təkcə sərhəddə deyil, beynəlxalq platformalarda da qərəzli və düşmən mövqeyi nümayiş etdirirlər. Lakin bu cür görüşlər mütəmadi şəkildə keçirilməlidir ki, Ermənistan başa düşsün Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək”.
Politoloq Paşinyanın qərar verməkdə müstəqil olmadığını da qeyd edir:
“Paşinyan Qərbin, xüsusilə ABŞ və Avropanın təsiri altındadır. Bu, Ermənistanın xarici siyasətində də açıq şəkildə görünür. Avropa müşahidəçilərinin Ermənistan ərazisində yerləşdirilməsi də buna sübutdur”.
Azad Məsiyev sonda bildirir ki, Dubayda nəzərdə tutulan görüş bölgədə davamlı sülhün bərqərar olması üçün bir cəhd kimi qiymətləndirilməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az