AZ

Avropalılar niyə turistləri sevmir?

Avropada turistlərə qarşı narazılıq dalğası böyüyür: etirazlar geniş vüsət alır. Son illərdə Avropanın müxtəlif şəhərlərində yerli sakinlərin turistlərlə bağlı narazılığı zaman-zaman etirazlarla ifadə olunurdu. Lakin yay mövsümündə bu narazılıqlar daha açıq şəkildə və daha geniş miqyasda özünü göstərməyə başlayıb. Barselonada turistlərə su tapançaları ilə hücumdan tutmuş, Venesiyada giriş haqqının tətbiqinə qədər uzanan tədbirlər və aksiyalar Avropanın məşhur turizm bölgələrində səbrin tükəndiyini göstərir.

Bəs avropalılar niyə turistləri sevmir?

Valyuta.az xəbər verir ki, bu sualın cavabı həm sosial, həm iqtisadi, həm də mədəni səbəblərlə bağlıdır.

1. Qısamüddətli kirayələr və mənzil böhranı

"Airbnb", "VRBO" və digər qısamüddətli icarə platformalarının yayılması nəticəsində yaşayış məkanlarının əhəmiyyətli hissəsi turistlər üçün ayrılır. Bu isə yerli sakinlər üçün uzunmüddətli və münasib kirayə mənzil tapmağı çətinləşdirir, qiymətləri süni şəkildə yüksəldir. Barselona, Amsterdam və Lissabon kimi şəhərlərdə bu problem kəskin şəkildə hiss olunur.

2. İctimai xidmətlər və infrastruktur üzərində təzyiq

Kütləvi turist axını şəhərlərin kanalizasiya, nəqliyyat, tullantı sistemi, su və enerji təchizatı kimi xidmətlərinə ciddi yük salır. Şəhərlər bu miqyasda istifadəyə hazır olmadığından, həm xidmət keyfiyyəti aşağı düşür, həm də yerli əhali üçün gündəlik həyat çətinləşir.

3. Şəxsi məkan və ictimai əxlaq pozuntuları

Turistlərin özlərini “qonaq” yox, “istifadəçi” kimi aparması, yerli insanlarla minimum ünsiyyət qurması, davranış qaydalarına əməl etməməsi (məsələn, pəncərədən içəri boylanmaq və.s) şəxsi sərhədlərin pozulmasına səbəb olur və dərin narazılıq yaradır.

4. Sosial ədalətsizlik hissi

Turizmdən əldə olunan gəlirin əsas hissəsi otel zəncirləri, kruiz şirkətləri və qlobal platformalar arasında paylaşılır. Yerli icmalar isə səs-küylə, qiymət artımı ilə yaşamağa məcbur qalır, amma bu iqtisadi mənfəətdən çox az pay alır. Bu, “biz əziyyət çəkirik, başqaları qazanır” duyğusunu gücləndirir.

5. Şəhərlərin “turistləşməsi” və iqtisadi təhrif

Gündəlik ehtiyacları qarşılayan mağaza və xidmət obyektləri yoxa çıxır, yerini turistlərə yönəlmiş obyektlər (hədiyyə dükanları, fast-food köşkləri, dondurma r) tutur. Bu dəyişiklik şəhərin mahiyyətini, funksional strukturunu pozur.

6. Sosial media və turizmi

"İnstagram" və "TikTok" fenomenləri turistləri vizual baxımdan cəlbedici, lakin tez aşınan məkanlara yönəldir. Nəticədə, Rue Crémieux (Paris) və Ponte dei Salti (İsveçrə) kimi yerlərdə əhali fasiləsiz foto çəkilişlərdən bezir. Turizm təcrübəsi səyahət və öyrənmək yox, nümayiş və istehlaka çevrilir.

7. Rəqəmsal köçərilər və qiymətlərin artması

Bir neçə həftə və ya aylarla xarici şəhərlərdə yaşayan varlı "rəqəmsal köçərilər" ( daimi yaşayış yeri olmadan, internet vasitəsilə işləyərək müxtəlif ölkə və şəhərlərdə müvəqqəti yaşayan, uzaqdan işləyən şəxslər) həm mənzil bazarına, həm də yerli iqtisadi balanslara təsir göstərir. Onların mövcudluğu orta və aşağı gəlirli sakinlərin sıxışdırılmasına səbəb olur.

8. Ətraf mühitə mənfi təsir

Çimərliklər, dağlar, tarixi yerlər kütləvi ziyarət nəticəsində ya təbii resurs baxımından tükənir, ya da mədəni miras üçün təhlükə yaradır. Məsələn, Yunanıstanın Kiklad adaları artıq "Təhlükədə olan irs" siyahısına salınıb.

9. Pandemiyanın təsiri və gözləntilərin dəyişməsi

COVID-19 dövründə turistlərsiz şəhərlərini yenidən kəşf edən yerli insanlar daha sakit və ləng həyat tərzini arzulamağa başladılar. Turizmin bərpası bu sükutu pozdu və əvvəlki dözümlülük yerini narahatlığa verdi.

10. Şəhər kimliyinin qorunması

Bir çox yerli sakin üçün yaşadıqları şəhər artıq onlara aid deyil. Tarixi məkanlar, sakin məhəllələr və yerli mədəniyyətin özəllikləri tədricən kommersiyalaşır, “Disney şəhərlərinə” çevrilir.

Sərvanə Rəmixanova

Seçilən
8
50
valyuta.az

10Mənbələr