AZ

Müttəfiq, yoxsa casus? – Rusiya və İran bir-birinə qarşı kəşfiyyat savaşında

"Rusiya və İran sözdə strateji tərəfdaş olsa da, əməldə bir-birlərinə qarşı kəşfiyyat işini genişləndiriblər".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, müttəfiq dövlətlər adətən bir-biri haqqında kəşfiyyat məlumatları toplamağa çalışmır:

"Bu, Rusiya və İrana aid deyil. Almaniyanın "Şpigel" dərgisində Rusiya kəşfiyyatına aid sənədlər yayılıb. Bu sənədlərdə Rusiya Federal Kəşfiyyat Xidmətinin İran ərazisində kəşfiyyat işini genişləndirdiyi yazılıb. Bunun da səbəbi odur ki, İran daha əvvəl Rusiya ərazisində kəşfiyyat işini genişləndirib.

elxan.jpg

Sənədlərdə İranın Rusiyadakı səfirlik əməkdaşlarının Rusiyanın elmi-tədqiqat mərkəzlərində çalışan alimlərlə təmas qurmağa çalışdıqları bildirilib. Məqsəd Rusiyanın müxtəlif sahələrdəki texnoloji sirlərini ələ keçirməkdir. Bunun qarşılığında Rusiya əks-kəşfiyyatı iranlı diplomatlara daha sıx nəzarət həyata keçirməyə başlayıb, kəşfiyyatı isə İran ərazisində fəaliyyətini genişləndirib".

Politoloq bildirib ki, Rusiya kəşfiyyat xidməti əməkdaşlarının 2022 və 2023-cü illərdə İsrailə səfərlərinin sayı artıb:

"Əlbəttə, bu o demək deyil ki, Rusiya İranın nüvə çalışmaları barədə məlumatları İsraillə bölüşüb. İsrailin özünün İranda kifayət qədər kəşfiyyat mənbəyi mövcuddur. Ancaq Rusiya və İsrail kəşfiyyat strukturları arasında əməkdaşlığın mövcudluğu barədə mülahizələr yürütmək olar. Bu isə İranı ciddi narahat etməlidir.

Görünür, İran Rusiyanın nüvə texnologiyalarını əldə etməyə çalışır. Kreml bundan xəbərdardır. Moskva İsrailin və ABŞ-ın İranı bombalamasının əleyhinə olsa da, Kreml Vaşinqton və Təl-Əviv kimi qonşuluğunda nüvə dövlətinin formalaşmasını istəmir. Heç bir dövlət qonşuluğunda nüvə silahına malik dövlətin olmasını istəməz".

Xalidə Gəray
Musavat.com

Seçilən
20
50
musavat.com

10Mənbələr