AZ

Boşanmaya qərar verərkən cütlüklər psixoloqlara deyil, məhkəmələrə müraciət edirlər - PROBLEM

Azərbaycanda son zamanlar boşanmaların sayı artıb. Bunu Dövlət Statistika Komitəsinin yaydığı hesabatlar da təsdiqləyir. Məsələn, 2024-cü ildə 21 384 boşanma halı qeydə alınıb. 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb.

Boşanmalara səbəb olan əsas amillər kimi isə xəyanət, zorakılıq, maddi çətinlik, anlaşılmazlıqlar və kənar müdaxilələr göstərilir. Bundan başqa, cütlüklər hər hansı bir anlaşılmazlıqla üzləşəndə psixoloqa deyil, birbaşa məhkəmələrə üz tuturlar. Bu isə mövcud vəziyyəti daha da ağırlaşdırır.

Bəs ekspertlər bu məsələ barədə nə düşünürlər?

Məsələ ilə bağlı Psixoloq Elnur Rüstəmov “Report”a bildirib ki, boşanma qərarlarında psixoloqların rolu olduqca önəmlidir.

"Peşəkar ailə psixoloqu ilk növbədə cütlüklərə duyğularını ifadə etmək və dinləmək fürsəti yaradır. Həmçinin, problemə neytral və obyektiv yanaşaraq hər iki tərəfi rasional düşünməyə təşviq edir. Əgər münasibəti xilas etmək mümkün deyilsə, psixoloq “sülh içində ayrılıq” modelini tətbiq edərək tərəfləri və xüsusilə, uşaqları travmadan qorumağa çalışır", - psixoloq qeyd edib.

Elnur Rüstəmov
Elnur Rüstəmov

Onun sözlərinə görə, son illərdə Azərbaycan cəmiyyətində psixoloji xidmətlərə münasibət dəyişməkdədir. Əvvəllər ailə və münasibət problemləri ilə bağlı məlumatlar yalnız yaxın çevrə ilə bölüşülürdü, psixoloqa müraciət isə qadağan hesab olunurdu. Ancaq hazırda xüsusilə gənc ailələr arasında cütlük terapiyasına maraq artıb. Əvvəllər daha çox qadınlar buna müraciət edirdisə, indi artıq kişilər də terapiya prosesə aktiv qoşulurlar.

Sosioloq Elçin Bayramlı isə "Report"a deyib ki, son zamanlar Azərbaycanda ailə institutunda ciddi problemlər üzə çıxmaqdadır. Belə ki, boşanmaların sayı nəinki artıb, həmçinin evlənənlərin sayı kəskin şəkildə azalıb.

Ekspert təəssüflə bildirib ki, bəzən insanlar ailəyə, qarşılıqlı münasibətlərə mənəvi yox, maddi dəyərlər üzərindən baxırlar. Bu da öz növbəsində boşanmaların bu dərəcədə artmasına gətirib çıxarır:

Elçin Bayramlı
Elçin Bayramlı

"Biz bu gün gəncləri tamamilə yad ideologiyaların cənginə buraxmışıq. Qərbin yad dəyərlərini müasirlik adı altında onların beyinlərinə doldururuq. Belə olduqda isə biz həmin gənclərdən sağlam ailə modeli gözləyə bilmərik. Bu baxımdan, maarifləndirmə, ideoloji təbliğat işləri gücləndirilməli, sağlam ailə modeli bərpa edilməlidir", - deyə E.Bayramlı qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi Səmra Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq ailələrlə çalışan mütəxəssislər üçün təlim və seminarlar həyata keçirilir.

"Yerli və digər ölkələrdən dəvət edilən peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən tədbirlərdə ailə problemləri, onların həlli yolları, erkən aşkarlama, uşaqlarla düzgün münasibət, ailədaxili ünsiyyətin qurulması, birlikdə zamanın keçirilməsi və s. mövzular ətrafında yeni məlumatlar təqdim edilir. Eləcə də, yerli mütəxəssislərin bacarıqları artırılır. Davamlı olaraq keçirilən təlim və seminarların əsas məqsəd bu sahədə ümumi bilik və bacarıqların artırılması, şəbəkələşmənin yaradılması, xüsusən həssas təbəqədən olan ailələrə ödənişsiz psixo-sosial dəstəyin göstərilməsidir", - o vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev də məsələ ilə bağlı "Report"a deyib ki, Dövlət Komitəsinin tabeliyində İsmayıllı, Qəbələ, Zaqatala, Göygöl, Ağdam, Goranboy, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonları və Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir:

"Mərkəzlər Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ailə, qadın və uşaqların, eləcə də həmin kateqoriyadan olan şəxslərlə işləyən mütəxəssisələrin maarifləndirilməsi, təlim və seminarların keçirilməsi, həssas kateqoriyadan olan şəxslərin və ailələrin aşkar edilməsi, onlarla psixo-sosial işlərin aparılması, sosial dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür.

Cari ilin 1-ci yarımili üzrə 222 şəxsə psixoloji konsultasiya xidməti göstərilib ki, onların da 200-ü uşaqdır. Ümumilikdə, 608 konsultasiya həyata keçirilib. Mərkəzlərin psixoloqları tərəfindən 57 uşaqla (autizm sindromu, inkişaf ləngiməsi olan) 484 məşğələ keçirilib”.

Seçilən
20
38
report.az

10Mənbələr