AZ

“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na dəyişikliklər edilib.

AMB-dan AZƏRTAC-a bildirilib ki, sözügedən dəyişikliklər 2025-ci il avqust ayının 1-dən qüvvəyə minir. Qaydaya edilən dəyişikliklərin əsas məqsədi kəmiyyət və keyfiyyət parametrlərinin yenidən tənzimlənməsi yolu ilə banklarda likvidlik risklərinin daha effektiv idarə olunması və onların likvidlik mövqelərinin daha da möhkəmləndirilməsi ilə yanaşı, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirmək imkanlarının qorunmasından ibarətdir.

Yeni tələblər bankların likvidlik mövqeyinin qiymətləndirilməsi üçün tətbiq edilən likvidliyin örtülmə əmsalının (LCR) həm məcmu, həm də milli valyuta üzrə tətbiqini nəzərdə tutur. 01.08.2025-ci il tarixindən etibarən sistem əhəmiyyətli banklar milli valyuta üzrə LCR əmsalını 50 faizdən başlamaqla 01.06.2027-ci il tarixinədək, bütün digər banklar isə 40 faizdən başlamaqla 01.12.2027-ci il tarixinədək mərhələli qaydaya 100 faizə çatdırmalıdır. Paralel olaraq, dəyişikliklər vasitəsilə bankların yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirə biləcəkləri aktivlərin dairəsi də genişləndirilibdir (bank metalları, dövlət zəmanətli maliyyə institutlarının qiymətli kağızları, gecəlik (overnight) depozitlər, Mərkəzi Bankda yerləşdirilmiş qısamüddətli vəsaitlərin yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirilməsinə icazə verilibdir).

Qaydaya edilən dəyişikliklər, ümumilikdə likvidlik risklərinin ölçülməsi və idarə olunması mexanizmlərinin daha çevik qurulmasına, həmçinin banklarda likvid vəsaitlərin milli və xarici valyutalar arasında bölgüsünün daha optimal proqnozlaşdırılmasına, bankların milli valyutada likvid mövqeyinin daha dayanıqlı şəkildə formalaşdırılmasına xidmət edəcəkdir.

Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/60081 

Seçilən
13
4
azertag.az

10Mənbələr