AZ

Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...


Elşad Həsənov: “Hesab edirlər ki, bu minvalla orada mövqelərini möhkəmləndirə bilərlər”

Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb. Moskva Əfqanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib.

“Hesab edirik ki, Əfqanıstan İslam Əmirliyi hökumətinin rəsmi tanınması aktı ölkələrimiz arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Daha əvvəl bildirilib ki, 2021-ci ildən hakimiyyətə gələn Taliban tərəfindən qəbul olunan Əfqanıstanın yeni bayrağı ölkənin Moskvadakı səfirliyinin üzərində dalğalanmağa başlayıb. Məlumat üçün qeyd edək ki, Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkə olub.

Göründüyü kimi, Rysiya “Talibanı” terror təşkilatı kimi tanımaqdan imtina etdi və Əfqanıstan İslam Əmirliyi adlı dövləti tanıdı. Maraqlıdır, Rusiyanın bunda hansı siyasi və geosiyasi hədəfləri var?

“Əsas məqsəd Əfqanıstanın resurslarından istifadə etmək, bu ölkənin yerləşdiyi coğrafi mövqedən faydalanmaqdır”

Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Burada Rusiyanın bir neçə məqsədi var. Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünya düzəni yenidən qurulmağa başlayıb və əvvəlki dövlətlərlə münasibətlər də dəyişir. Bütün bunların hamısı geosiyasi məna daşıyır. Rusiya da bir sıra ölkələrin ona qarşı sanksiya tətbiq etdiyini nəzərə alaraq Əfqanıstanla bağlı siyasətini dəyişir. Yəni Əfqanıstan İslam Əmirliyini tanımaqla bağlı qərar verib. Burda məqsəd nədir? Hesab edirəm ki, əsas məqsəd Əfqanıstanın resurslarından istifadə etmək, bu ölkənin yerləşdiyi coğrafi mövqedən faydalanmaqdır. Əfqanıstan ərazisinə görə dünyada 40-cı yerdədir. Əfqanıstanı bir dövlət kimi tanıyaraq ona müəyyən mənada nədəsə dəstək göstərmək və bu ölkənin döyüşçülərindən istifadə etməkdir. Necə ki, Şimali Koreyanın döyüşçülərindən istifadə edirlər. Digər tərəfdən, Rusiya yaxşı bilir ki, Əfqanıstan zəngin faydalı qazıntılara və nadir metallara sahibdir. Orada Çin xaric digər ölkələr fəaliyyət göstərmir. Üstəlik, Əfqanıstan çox yoxsul ölkə olduğu üçün xarici sərmayələrə ehtiyacı çox böyükdür. Ona görə də Rusiya yaranmış böhrandan istifadə edərək Əfqanıstanda möhkəmlənməyə çalışır. Hesab edirlər ki, bu minvalla orada mövqelərini möhkəmləndirə bilərlər. Küncə sıxılan Rusiya belə ölkələrlə əlaqələr quraraq gələcəkdə onlardan öz siyasi məqsədləri üçün faydalanmaq istəyir. Rusiya görür ki, dünyada əksər dövlətlər “Taliban”la diplomatik əlaqələr qurmayıb. O üzdən, Əfqanıstanla diplomatik əlaqələr quraraq bundan öz məqsədləri üçün maksimum faydalanmağa çalışırlar. Bir sözlə, Rusiya bu ölkəni tanımaqla Əfqanıstanın yeraltı sərvətlərinə yiyələnmək istəyir”.

Vidadi ORDAHALLI

Seçilən
19
17
baki-xeber.com

10Mənbələr