Yaş fərqləri liderlər üçün çətinlik deyil, üstünlük mənbəyidir. Bu fərqlilikləri düzgün idarə edənlər daha çevik və səmərəli komanda qurmağa nail ola bilirlər.
Valyuta.az xəbər verir ki, hazırda əmək bazarında beş fərqli nəsli təmsil edən işçilər aktiv fəaliyyət göstərir.
Bu vəziyyətə ömrün uzanması, pensiya yaşının yüksəldilməsi və texnologiyaların sürətli inkişafı səbəb olub.
Proqnozlara görə, bu tendensiya davam edəcək, yaşlı nəsil təqaüdə yönəldiyi dövrdə, yeniyetmələr və gənclər onların yerini tutmağa hazırlaşır.
Yaş baxımından müxtəlif heyətin formalaşması müsbət hal hesab edilsə də, belə komandaları idarə etmək çətinliklər yaradır. Çünki hər nəsil özünəməxsus bacarıqlar, ünsiyyət forması və iş mühiti ilə bağlı fərqli gözləntilərə malikdir.
"Sakit nəsil" (1925-1945)
Böyük Depressiya və İkinci Dünya müharibəsi dövründə formalaşan bu nəsil ənənəvi dəyərlərə sadiqdir. Rəhbərliyə hörmət edir, sabitliyi və aydın şəkildə müəyyən edilmiş rolları üstün tutur. Texnologiya ilə əlaqələri zəifdir.
"Bumer nəsli" (1946-1964)
Müharibədən sonrakı iqtisadi sabitlik şəraitində böyüyən bu nəsil güclü iş etikası və komanda ruhu ilə seçilir. Texnologiyaya tam adaptasiya olmasalar da, yeniliklərə açıqdırlar. Ənənəvi ünsiyyət formalarına - üzbəüz və aydın təmaslara üstünlük verirlər.
"X nəsli" (1965-1980)
Rəqəmsal inqilabın ilk iştirakçıları olan bu nəsil müstəqil işləməyi və azad qərar verməyi sevir. Onlar qeyri-rəsmi, lakin hörmətə əsaslanan ünsiyyətə üstünlük verir və mikromenecmentə qarşıdırlar.
"Mileniallar" (1981-1996)
Texnologiya ilə yaxın təmasda böyüyən bu nəsil iş-həyat balansına və şəffaf rəhbərliyə böyük önəm verir. Onlar əməkdaşlığa və çevik iş modelinə üstünlük verir, eyni zamanda distant işləmə imkanlarını yüksək qiymətləndirirlər.
"Z nəsli" (1997-2012)
Ən təhsilli və texnoloji yönümlü nəsil sayılan "Z nəsli" psixi sağlamlıq, iş yerində rifah və sosial məsuliyyətə diqqət yetirir. Onlar dəyərlərə əsaslanan idarəçiliyə və pozitiv geribildirime ehtiyac duyurlar.
İdarəetmədə nələrə diqqət yetirilməlidir?
Çoxnəsilli komandaların idarə olunmasında əsas çağırış müxtəlif yanaşma və gözləntilərin uzlaşdırılmasıdır. Məsələn, "Z nəsli" daha çox geribildirim gözlədiyi halda, "X nəsli" avtonomluğu üstün tutur. Gənclər tez-tez iş yerlərini dəyişir, yaşlı nəsil isə sabitliyə önəm verir. Eyni fəaliyyətin biri üçün mənalı, digəri üçün mənasız görünməsi mümkündür.
Liderlər bu fərqlilikləri anlayaraq onları idarəetmədə alət kimi istifadə etməlidirlər. Yaş fərqlərini komandanın gücünə çevirmək mümkündür.
Çoxnəsilli komanda üçün effektiv yanaşmalar
Fərdi töhfələri ön plana çəkin: Hər əməkdaş öz bacarığı ilə dəyərlidir. Nəsil fərqləri əhəmiyyətlidir, lakin fərdi keyfiyyətlər daha vacibdir.
Nəsil güclərindən faydalanın: Uyğun tapşırıqları uyğun nəsil nümayəndələrinə həvalə edin.
Müxtəlifliyi təşviq edin: Nəsillərarası əməkdaşlığı stimullaşdırmaqla innovasiya və yaradıcılığı artırmaq mümkündür.
Yaşa əsaslanan qruplaşmaların qarşısını alın: Mentorluq və emalatxana proqramları vasitəsilə nəsillərarası əlaqələri gücləndirin.
Liderlik üslubunu uyğunlaşdırın: Hər kəsin dəyərli və hörmətli hiss etdiyi mühit formalaşdırın.
Bu yanaşmalar sayəsində yaş fərqliliklərini maneə deyil, rəqabət üstünlüyü kimi dəyərləndirmək mümkündür.
Mayya Hüseynova