AZ

Lavrovdan NATO-ya sərt xəbərdarlıq: “Gəmidə üsyan yetişir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammitində çıxışı zamanı NATO, İran və beynəlxalq təşkilatlarla bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Lavrov sammitdəki çıxışında NATO-nun genişlənməsinin heç kimə, o cümlədən alyansın öz üzvlərinə belə fayda vermədiyini bildirib. Onun sözlərinə görə, bu proses alyans daxilindəki fikir ayrılıqlarını daha da dərinləşdirib və artıq “gəmidə üsyan yetişir”.

Lavrov eyni zamanda bəyan edib ki, Rusiya İranın sülhməramlı nüvə proqramı üçün lazım olan miqdarda uranı zənginləşdirməyə hazırdır. Bu, Moskvanın Tehranla qarşılıqlı etimada əsaslanan münasibət qurmağa davam etdiyini göstərir.

Nazir çıxışında Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) də tənqid yönəldib. Onun sözlərinə görə, təşkilat İran əleyhinə mümkün hərbi əməliyyatlardan bir neçə gün əvvəl verdiyi dəyərləndirmələrə görə məsuliyyət daşımalıdır, çünki bu açıqlamalar çox zaman qeyri-müəyyən və siyasi xarakter daşıyır. Lavrov qeyd edib ki, MAQATE gələcəkdə siyasi məqsədlərlə istifadə oluna biləcək “süni süjetlərin” qarşısını almalı və obyektiv mövqe nümayiş etdirməlidir.

Lavrov həmçinin vurğulayıb ki, Rusiya dəmir yolu infrastrukturu və körpülərə edilən hücumlar barədə məsələləri beynəlxalq gündəmə daşımaq niyyətində deyil, lakin bütün günahkarlar gec-tez cavab verməli olacaqlar.

Nazirin fikrincə, BRİKS-in genişlənməsi bu platformanın fəaliyyətinə heç bir təhdid yaratmır, əksinə, birliyin real potensialı yeni-yeni üzə çıxır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
9
3
konkret.az

10Mənbələr