Dövlət Dumasının deputatı Konstantin Zatulin ətrafında qalmaqal daha da dərinləşir. Vitse-spiker Pyotr Tolstoyun Zatulin və onun qızı Daryanın xarici strukturlarla mümkün əlaqələrinin yoxlanılması üçün FSB-yə və İstintaq Komitəsinə sorğu göndərməsi barədə məlumatlar şəbəkəyə sızdığı bir vaxtda, parlament divarları daxilində iki deputat arasında açıq qarşıdurma xatırlanır.
Rusiya sosial şəbəkələrində yayılan məlumatlara görə, bir müddət əvvəl profil komitəsinin iclasından sonra Tolstoy miqrasiya mövzusunda kəskin mübahisə zamanı Zatulinə sillə vurub.
Buna səbəb Tolstoyun son müsahibəsində səsləndirdiyi “Rusiya şəhərləri etnik gettolara çevrilə bilər” bəyanatı olub. İnteqrasiya yanaşmasının tərəfdarı olan Zatulin bu ittihamları qəbul etməyib və Tolstoyu ksenofobiyada günahlandırıb: “Bu, millətlərarası həmrəyliyə zərbədir”.
Tolstoy isə sərt cavab verərək – “Mən rus xalqını qoruyuram. Əgər bu sizə görə rusofobiyadırsa, bu sizin probleminizdir” – deyib. Bundan sonra Zatulin vitse-spikerin mövqeyini “qorxular üzərindən hay-küy qazanmaq oyunu” adlandıraraq şəxsi ittihamlara keçib. Nəticədə Tolstoy yaxınlaşıb və birbaşa parlamentin dəhlizində ona sillə vurub.
Qeyd edək ki, daha əvvəl Tolstoy “bəzi oliqarxlar və deputatlar əmək bazarında ucuz işçi qüvvəsi yaratmaq üçün kütləvi miqrasiya prosesini lobbiçilik edir” deyə bildirib və bununla mübarizə aparacağına söz verib.
Bundan başqa, mətbuatın məlumatına görə, Zatulin baş verən insidentlə bağlı Dövlət Dumasının Etika Komitəsinə müraciət etməyi planlaşdırır, lakin tərəflərdən heç biri hələ rəsmi açıqlama verməyib.