Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb.
“Qafqazinfo” xəbər verir ki, Roman Starovoyt cəmi 419 gün nəqliyyat naziri vəzifəsində çalışıb. Bu vəzifənin icrası müvəqqəti olaraq nəqliyyat nazirinin müavini Andrey Sergeyeviç Nikitinə həvalə edilib.
Bu məqamda R. Starovoytun həyatı, karyerası, ailəsi haqda məlmatları təqdim edirik.
Starovoyt 20 yanvar 1972-ci ildə Kurskda anadan olub.
Roman Vladimiroviç Starovoyt Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru olub. O, 2019-2024-cü illərdə rayona rəhbərlik edib.
2024-cü il mayın 14-də isə Rusiyanın nəqliyyat naziri vəzifəsinə təyin edilib. O, baş nazirin müavini olmuş Vitali Savelyevi əvəz edib.
İyulun 7-də günortadan sonra, nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoytun intihar etdiyi barədə xəbərlər yayılıb. Onun meyiti mühafizəçilər tərəfindən Odintsovo şəhər dairəsindəki Maleviç parkının ərazisində Tesla avtomobilinin yanında aşkar edilib. Rusiya KİV-dəki bəzi məlumatlara görə, Roman Starovoyt 2023-cü ildə Daxili İşlər Nazirliyinin rəhbərliyindən aldığı mükafatlı silahla özünü güllələyib.
Həmçinin bildirilir ki, Starovoyt bu gün səhər saatlarında Nəqliyyat Nazirliyində işdə olub və iclas keçirib.
RT-nin xəbərinə görə, iyulun 7-də axşam saatlarında əməliyyatçılar Starovoytu saxlayıb Rusiya İstintaq Komitəsinə dindirilmək üçün təhvil verməyi, bundan sonra onu çoxmilyonluq oğurluqda ittiham etməyi planlaşdırıblar.
Keçmiş qubernator Svetlana Starovoyt ilə evli idi, cütlüyün iki qızı var. Lakin 2021-ci ildə cütlük ayrılıb. 2020-ci ildə Svetlana Starovoit 17 milyon rubldan çox gəlirlə səkkizinci yeri tutaraq Rusiya qubernatorlarının ən zəngin arvadlarının ilk onluğuna daxil olub.
R. Starovoytun 25 yaşlı Polina ilə sevgili olduğu da bildirilirdi. Hətta o, səfərlərdə Starovoytu müşayiət edirdi. Kursk ictimaiyyəti qubernatorluq dövründə cütlüyün münasibətdə olmasından və Polinanın tezliklə onların birinci xanımı olacağından şübhələnirdi. “Mash”ın məlumatına görə, ilk olaraq Roman Starovoytun meyitini sevgilisi Polina K. tanıyıb.
Qeyd edək ki, R. Starovoyt “Şərəf” ordeni, Aleksandr Nevski ordeni, “Dostluq” ordeni və digər fərqlənmə nişanları ilə təltif edilib.