Azərbaycan və Rusiya arasında yenidən alovlanan böhran çoxlu informasiya kirliliyi yaradır ki, bu şəraitdə mövcud kontekstləri anlamaq çətinləşir. Gəlin bu kontekstləri sistemləşdirməyə və istiqamətlər üzrə nəzərdən keçirməyə çalışaq.
Əsas diqqət yetirilməli məqam budur ki, Azərbaycan və Rusiya münasibətlərindəki böhran tamamilə daxili xarakterlidir, yəni burada xarici təhrikçi yoxdur. Xarici oyunçuların bu böhrandan necə istifadə etməsi isə şəraitdən asılıdır.
İkitərəfli kontekst
Münasibətlərdəki böhran keçən il dekabr ayında Rusiya Silahlı Qüvvələri tərəfindən vurulan Azərbaycan mülkü təyyarəsinə qarşı Rusiya rəhbərliyinin qeyri-ardıcıl mövqeyi ilə başladı. Bundan sonra yüksək səviyyəli dialoq kəsildi, müxtəlif istiqamətli qarşılıqlı addımlar atıldı. Rusiya tərəfindən Azərbaycana qarşı iki davranış modeli müşahidə olundu: Təzyiq və danışıqlar. Kreml aydın mövqe bildirmək üçün heç bir addım atmadı.
Nəticədə etimad itirildi, Yekaterinburq hadisələri isə böhranın dərinləşməsi və genişlənməsi üçün qığılcım oldu.
Hal-hazırda Rusiya prosesi Yekaterinburq hadisələrilə lokallaşdırmağa çalışır, Azərbaycan isə daha geniş yanaşaraq vurulan təyyarə mövzusunu gündəmə gətirir. Artıq o qədər addımlar atılıb ki, lokallaşdırmaq mümkün deyil. Əks halda növbəti qığılcımı gözləmək lazım gələcək. Böhranın genişlənməsilə yanaşı, onun nizamlanması potensialı da mövcuddur. Lakin bu səviyyəli böhran izsiz ötüşmür.
Regional kontekstlər
Rusiyanın eyni zamanda Azərbaycan və Ermənistanla münasibətləri pisləşir. Bu, strateji infrastrukturun itirilməsi ilə müşayiət olunur: Azərbaycanda Rossotrudniçestvo ofisi və “Sputnik” (hələ ki, bunlar...), Ermənistanda isə Rusiya vətəndaşına məxsus Elektrik Şəbəkələri milliləşdirilib və bu proses davam edə bilər.
Azərbaycan və Ermənistan bu və ya digər şəkildə ikitərəfli formatı qoruyur. Rusiya iştirakının qaldığı yeganə mövzu Ermənistan ərazisində kommunikasiyaların açılmasıdır. Lakin bu istiqamətdə danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistanda Rusiya strateji aktivlərinin milliləşdirilməsi nümunəsi potensial olaraq dəmir yollarına da şamil edilə bilər.
Moskvanın Cənubi Qafqaz ölkələrinin daxili siyasətinə təsir də məhdudlaşır. Ermənistanda Paşinyana alternativ yaratmaq cəhdləri hökumətin sərt tədbirlərə - həbslərə və Rusiya PA-nın sədr müavini Kiriyenkonun Paşinyana qarşı istifadə etmək istədiyi bütün şəbəkənin ifşasına səbəb oldu. Əgər Rusiya Ermənistanda Paşinyanı devirməkdə uğurlu olsa, Bakı gözləməyəcəyini və Ermənistanda revanşistlərdən gələ biləcək potensial təhlükənin neytrallaşdırılması üçün tədbirlər görəcəyini bildirdi. Burada Moskva və Bakı arasında ziddiyyət aydındır. Rusiyada Azərbaycan diasporları və “Food City”nin fəaliyyətini araşdırmağa çağırış edən Mironovun Baş Prokurora məktubu kimi anti-Azərbaycan addımları da məhz regional kurator Kiriyenkodan gəlir. Belə çıxır ki, yeni müharibənin qarşısını almaq üçün bu şəxsin nə Ermənistan, nə də Azərbaycana qarşı planları uğur qazanmamalıdır. Hələ ki, o uğursuzluqla üzləşir.
Daxili kontekstlər
Rusiyada bu böhran anti-miqrant siyasətinin sərtləşdirilməsindən qaynaqlanır. Burada Rusiyanın çətin vəziyyətinin əsas günahkarları "işləyən, qazanan, amma döyüşməyən miqrantlar" elan edilib. Bu sadə formulu isə Kiriyenko, Bastırkin və FTX (FSB) kimi "sadə olmayan" subyektlər təbliğ edir. Nəticədə, Rusiyanın bütün qonşuları ilə münasibətlərində problemləri yaranır və bu problemləri Rusiya XİN və prezident səviyyəsində həll etmək lazım gəlir. Anti-miqrant kampaniyası həmçinin Moskva və regionlarda elitar qruplar üçün mülkiyyətin bölüşdürülməsi baxımından stimula çevrilib.
Azərbaycanda daxili kontekst ondan ibarətdir ki, xarici təsirlərin qalıqları göz önündə əriyir. Rusiya ilə münasibətlər vacibdir, lakin Bakı nümayiş etdirir ki, daxili dinamikadan daha vacib heç nə ola bilməz.