AZ

Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...


Kamran Əsədov: “Bu cür hallar, əgər sübuta yetirilərsə, təkcə etik deyil, həm də hüquqi baxımdan pozuntudur”

Müəllimlərin sertifakatlaşdırma prosesi ilə bağlı narazılıqlar hələ də davam edir. Bu narazılıqlar bitməmiş orta məktəb məzunlarının attestatlarına qiymətlərin yazılması ilə bağlı gileylər səslənir.

Narazı valideynlər iddia edir ki, məktəb direktorları DİM tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsini bəhanə edərək attestata yüksək qiymət yazılması üçün "şirinlik" istəyirlər.

Ancaq təhsil sənədləri dövlət hesabına verilməlidir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

“Attestat qiymətlərinə müdaxilə sadəcə qiymət dəyişmək deyil, bütün təhsil sisteminə və gələcəyin insan kapitalına yönəlmiş təhdiddir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, orta məktəb məzunlarının attestatlarına qiymət yazılması prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan narazılıqlar təhsildə qiymətləndirmə mexanizminin şəffaflığına və etibarlılığına dair ciddi suallar doğurur: “Valideynlərin iddiasına görə, bəzi məktəb direktorları buraxılış imtahanlarının nəticələrini əsas gətirərək attestata yüksək qiymət yazmaq üçün qeyri-rəsmi ödəniş – “şirinlik” tələb edirlər. Bu cür hallar, əgər sübuta yetirilərsə, təkcə etik deyil, həm də hüquqi baxımdan pozuntudur. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində qeyd olunur ki, təhsilin idarə olunması zamanı şəffaflıq, hesabatlılıq və vətəndaşların hüquqlarına hörmət prinsipləri təmin edilməlidir. Eyni zamanda, “Ümumi təhsil haqqında” Qanunun 23.3-cü maddəsində göstərilir ki, qiymətləndirmə nəticələri şagirdin təhsil nəticələrinə əsaslanmalı və subyektiv təsirlərdən azad olmalıdır.

Hazırda ölkədə illik olaraq təxminən 85 min nəfər XI sinif şagirdi məzun olur. Bu qədər geniş miqyasda şagirdə qiymət verilməsi və attestatların hazırlanması zamanı tətbiq olunan mexanizmlər üzərində ciddi nəzarət olmadığı təqdirdə, bu sahədə istənilən müdaxilə təhsilin reputasiyasına ciddi zərbə vura bilər. DİM tərəfindən keçirilən buraxılış imtahanları 300 ballıq sistem üzrə aparılır və bu nəticələrin məktəbdəki illik qiymətlərlə müqayisəsində bəzən ciddi uyğunsuzluqlar meydana çıxır. Məsələn, imtahandan 80 bal alan bir şagirdin attestatında bütün fənlərdən “5” qiymətinin yazılması obyektivlik prinsipini pozur və şübhə doğurur. Məktəbdə verilən qiymətlərin bu dərəcədə yüksək olması bəzi hallarda ailələrdən pul tələb edilməsi ilə izah olunur ki, bu da rüşvətxorluq və korrupsiya risqlərini artırır.

Müsbət tərəf ondan ibarətdir ki, ölkədə vahid imtahan sistemi – buraxılış imtahanları vasitəsilə şagirdlərin biliyinin obyektiv qiymətləndirilməsi üçün etibarlı baza yaradılıb. Bu, subyektiv və qeyri-şəffaf məktəbdaxili qiymətləndirmənin təsirini azaltmaq məqsədi daşıyır. Amma bu sistem məktəbdə verilən qiymətlərlə paralel işləmədikcə, etibarsızlıq yaranır. Buraxılış imtahanlarının nəticələri və attestatdakı qiymətlər arasında ciddi uyğunsuzluq olduqda, attestat sənədi öz funksional və hüquqi dəyərini itirir.

Beynəlxalq təcrübədə qiymətləndirmə sistemləri məktəbdəki davamlı müşahidə və imtahanların kombinasiyasına əsaslanır. Məsələn, Finlandiyada məktəb daxilində qiymətləndirmə müəllimlərin peşəkar müstəqilliyinə əsaslansa da, güclü nəzarət və etik kodekslə dəstəklənir. Almaniya və Koreya kimi ölkələrdə isə buraxılış qiymətləri şagirdin illik fəaliyyətinə və imtahan nəticələrinə əsasən ortaq şəkildə müəyyən edilir. Bu ölkələrdə müəllimlərin qiymətləndirmə səlahiyyətləri olsa da, ictimai nəzarət və şəffaflıq mexanizmləri ilə korrupsiyanın qarşısı alınır. Azərbaycanda bu problemi həll etmək üçün attestat qiymətlərinin tərtibi zamanı məktəbdə keçirilmiş summativ qiymətləndirmələrin, gündəlik dərs fəaliyyəti və DİM-in buraxılış imtahanı nəticələrinin vahid elektron sistem üzərindən qarşılaşdırılması və avtomatlaşdırılmış orta qiymətin çıxarılması tətbiq olunmalıdır. Eyni zamanda, attestatlara yazılan qiymətlərin əsaslandırılmış şəkildə sənədləşdirilməsi – elektron jurnal, qiymətləndirmə protokolu və nəticə formalarının şəffaf təqdimatı – valideyn və şagird üçün də əlçatan olmalıdır. Məktəb direktorları və müəllimlər üçün Etik Davranış Kodeksinə dair illik təlimlərin keçirilməsi və bu sahədə ictimai nəzarətin gücləndirilməsi də vacibdir.

Əgər bu proses olduğu kimi qalarsa, attestat dəyərsiz kağız parçasına çevriləcək, işəgötürənlər və universitetlər bu sənədə inamlarını itirəcək. Tələbələr isə öz nailiyyətlərini sübut etmək üçün əlavə sənədlər təqdim etməyə məcbur qalacaqlar. Təhsildə ədalət və şəffaflıq qorunmadıqda, şagirdin motivasiyası itir, cəmiyyətin təhsilə inamı zəifləyir, və ən pisi – savadsız, amma yüksək qiymətlərlə məktəbi bitirmiş nəsil formalaşır”.

Ekspert hesab edir ki, attestat qiymətlərinə müdaxilə sadəcə qiymət dəyişmək deyil, bütün təhsil sisteminə və gələcəyin insan kapitalına yönəlmiş təhdiddir. Bu problem kökündən həll edilməlidir, çünki şəffaf qiymətləndirmə olmayan yerdə nə inkişafdan, nə də ədalətdən danışmaq mümkündür.

Günel CƏLİLOVA

Seçilən
84
20
baki-xeber.com

10Mənbələr