AZ

"Biz yalnız bu halda qadın qətillərinin qarşısını ala bilərik" — Psixoloqdan AÇIQLAMA

"Son zamanlarda xüsusilə də qadınların qətli çox artıb. Hadisələr o həddə gəlib ki, qohumluq dərəcəsindən asılı olmayaraq qadına qarşı qətl yerinə yetirilir. Yeniyetmənin anasını öldürməsi də məhz telefonla bağlı olmuşdu. Bəzi şeylərin təməli erkən uşaqlıqdan başlayır. Bizim uşaqlarla olan münasibətimiz, bizim onlara icazə verdiyimiz qədər formalaşa bilir. Çox zaman biz səmimiyyətlə tərbiyəsizliyi, səmimiyyətlə hədsizliyi qarışdıra bilirik deyə bu tip problemlər olur. Bu problemin nəticəsində də belə qətl hadisələri baş verir".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

Onun sözlərinə görə, hadisələr onu göstərir ki, əslində ailə övladın psixologiyasının fərqində olmur:

"İnkişaf etmiş ölkələrdə hər ailənin şəxsi psixoloqu var. Təəssüf ki, bizim ölkəmizdə bu sahədə kifayət qədər inkişaf yoxdur və insanlar psixoloji yardım almadıqları üçün problemi görə bilmirlər.

Əslində, biz diqqətlə baxsaq, erkən dövrdə müəyyən siqnallar verilir. Məsələn, həmin öz gəlinini qətlə yetirən qaynata misalında olduğu kimi. Əgər biz qızlarımızın arxasında daha möhkəm dayansaq, ailə problemlərini daha dərindən sezə bilsək, bu cür qətllərin qarşısını ala bilərik".

O bildirib ki, cəzalandırma və cəmiyyətə bunun necə sirayət etdiyini göstərmək vacibdir:

""Yoldaşının icazəsi olmadan telefon işlədib” başlıqları əsl problemi kölgədə qoyur. Orada müzakirə olunmur ki, qadın niyə gizli telefon işlədirdi? Niyə bu qadının bir zəng vuracaq imkanı yox idi? Niyə cəmiyyətdə bu qədər insan qadını öz yarı deyil, əmlak kimi görür?

Niyə ailə qurulanda psixoloji dəstək təmin olunmur, qanunla psixoloji müayinədən keçmək tələbi yoxdur? 

Belə başlıqlar psixoloji problemləri olan insanlarda təsir yaradır və nəticədə cinayətlər baş verir.

Ən önəmlisi, sosial şəbəkələrdə bu xəbərlər yayılanda "yoldaşının icazəsi olmadan telefon işlədirdi" deyə yox, "ehtiyacını ödəməsi üçün belə ona bir telefon almayan şəxs" deyə paylaşılmalıdır. Bu, cəmiyyət üçün daha faydalı olar".

Qeyd edək ki, ölkəmizdə son 3 gündə 5-dən çox qadın qətli baş verib.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
3
15
demokrat.az

10Mənbələr