AZ

Ermənistanda hökumət-antixrist savaşı – Paşinyan İsa Məsihin həvarisi rolunda - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan katolikos başda olmaqla kilsəyə yenə hücum edib. Ötən gün o, sosial şəbəkədəki səhifəsində əvvəlki statusları ilə müqayisədə daha sərt paylaşım edib.

“İsa Məsihin evini, Yeganə Oğlunun endiyi yeri antixrist köpək sürüsü ələ keçirib və azad edilməlidir. Mən azadlıq hərəkatına rəhbərlik edəcəyəm", - o bildirib.

Ermənistanın baş naziri kənarda durub, ölkədəki vəziyyəti gərginləşdirən kilsə nümayəndələrindən bəhs edərək yazıb: “Ktriç Nersisyan (ümumerməni katolikosu II Qareqinin dünyəvi adı), Vazgen Qalstyan, Gevorg Acapaxyan və başqalarının İsa Məsih, onun təlimi ilə heç bir əlaqəsi, münasibəti yoxdur”.

O, həmin qüvvələri “antimilli, antidövlət qrup” adlandırıb.

Bundan əvvəl də Paşinyan Qareqin ikincini dini saxtakarlıqda, kafirlikdə ittiham etmişdi. O, ümumerməni keşişi rahiblik qaydalarını pozmaqda, hətta bütün qanunlardan kənar övladının olmasında günah işlətdiyini də bildrimişdi. Bu ilin mayında baş nazir katolikosdan subaylıq andını pozması ilə bağlı məlumatlara görə taxtı tərk etməsini tələb etmişdi. Hökumət başçısı bütün ermənilərin katolikosunun növbədənkənar seçkisinin keçirilməsinin zəruriliyini də vurğulamışdı.

Bəhs etdiyimiz paylaşımdan öncə o, hökumətlə kilsə arasındakı qarşıdurmanı şərh edərək sosial şəbəkədəki səhifəsində qeyd etmişdi ki, müqəddəs taxtdakı toqquşmaları rəhbərlik edənlər ifşa olundu: “Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları təxribatlara uymadığını görəndə, öz aralarında yumruq davası etməyə başladı. Toqquşma olmayacaq!”.

Baş nazir may ayında kilsə rəhbərliyinə qarşı çıxışında vurğulamışdı ki, kilsənin sadiq icması xristian qaydası ilə “öz müqəddəs məkanını - Müqəddəs Eçmiadzin Taxtını azad edəcək".

Yeri gəlmişkən, o, kilsələrin “zibilliyə çevrildiyini” də demişdi. Paşinyan onu da vurğulamışdı ki, subaylıq andını pozduğu üçün Qareqin ümumerməni katolikosu vəzifəsini tuta bilməz.

Bu paylaşımdan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı xüsusi təyinatlıları Eçmiadzində erməni kilsəsinin başçısı II Qareqinin iqamətgahının ərazisinə daxil olub. İeramonax Asoqik Karapetyan sosial şəbəkədə belə paylaşım etmişdi: "Ermənistanın bütün ruhaniləri həbsə hazırdır. Biz hamımız Müqəddəs Eçmiadzin Taxtındayıq”.

Məlumatlara görə, ruhanilik nümayəndələri güc strukturlarının katolikosun iqamətgahına daxil olmasına imkan verməyiblər. Paşinyan təxribatdan söz açanda bu məsələni nəzərdə tutub.

Qeyd edək ki, arxiyepiskoplar Mikael Acapaxyan, Baqrat Qalstanyan həbsdədir.

Yeni həbslər keçiriləcəyi ehtimalı günü-gündən artır. Eçmiadzin İrəvandan 20 km aralıda yerləşir. Nikol Paşinyan üçün bu, paytaxtda fəaliyyət göstərən, müxalifət sayılan koçaryanlardan, sarqsyanlardan daha təhlükəlidir. Çünki onların başçılıq etdiyi ideoloji təbliğatın davamçıları az deyil. Onların 20 km-lik məsafədə İrəvana yürüşü sabitliyin pozulması üçün daha təhdidedici sayılır.

Elə bu səbəbdən də Ermənistan MTX və başqa uyğun qurumlar təhlükəsizlik funksiyaları yerinə yetirməyə davam etdirdiyinə dair məlumatlar yayılır.

Nikol Paşinyan bu yaxınlarda onu da bildirmişdi ki, ümumerməni kilsəsi yeni seçilmiş katolikosa sahib olmalıdır. Yeni dini liderin yaxşı davranışı seçkidən əvvəl yoxlanılaraq, təsdiqlənəcək.

Baş nazir erməniləri yeni katolikosun seçilməsi ətrafında birləşməyə çağırmışdı.

"Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Hayk Qalumyan bildirib ki, kilsə hamıya məxsusdur, cəmiyyətin onun nizamını qoruyacaq katolikosa sahib olmaq hüququ var. Onun sözlərinə görə, əhalinin 70-80 faizi kilsə ilə bağlı məsələlərin qaldırılmasında baş naziri dəstəkləyir. O hesab edir ki, əksəriyyət II Qaregini katolikos kimi qəbul etmir.

Yepiskop Arşak Xaçatryan isə jurnalistlərin “küçə təzyiqi ilə katolikosu kənarlaşdırmaq mümkündür?” sualına cavabında bildirib: “Güclə hər şeyi etmək mümkündür, ancaq biz mədəni bir ölkədə yaşayırıq”.

Belə düşünürdülər ki, baş keşiş kiləsini hökumətin təzyiqlərindən, təqiblərindən azad edəcək. Ancaq Paşinyanın sonuncu paylaşımı kilsə üçün qara günlərin davam edəcəyini göstərir.

Kilsə və ümumerməni katolikosu başda olmaqla keşişlər ermənilərin xülyalarının daşıyıcısı, təbliğatçıları, türk düşmənliyinin mənbəyidir. Paşinyanın ifadəsi ilə desək, bu antixristlər yeni erməni nəslinə, qonşulara uzun illərdir ancaq kin, nifrət təlqin ediblər.

Bu yalanlara böyüyənlər Azərbaycan torpaqlarının işğalında, azərbaycanlılara qarşı soyqırımı və qətliamlarda iştirak etdikləri üçün “milli qəhrəman”a qədər qaldırılmışdı. Robert Koçaryan, Serj Sarqsyan da bu tərbiyənin daşıyıcılarıdır. Onlardan daha ikisi, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan (o, Qarabağın işğalı və qətliamların fəallarından olub) və Arstvik Minasyanın deputat toxunlumazlığı ləğv edilib. Bu isə o deməkdir ki, yaxın perspektivdə Ermənistan parlamentindəki müxalifət fraksiyasının sırasında seyrəlmə olacaq.

Nikol Paşinyanın kilsəyə, keçmiş prezidentlərə, deputatlara hücumu bir növ qabaqlayıcı tədbir də sayıla bilər. Çünki bu “milli qəhrəmanlar” xarici qüvvələrin tapşırığı və dəstəyi ilə Paşinyan hökumətinə, komandasına təhdid edir. Son iki ildə keçirdiyi etiraz aksiyaları və onun hökumətinə, bacısına istefa tələblərinə cavabı baş nazir indi verməyə başlayır.

Bu prosesin 2026-cı il iyunun 5-dək davam edəcəyi istisna olunmur. Ölkədə parlament seçkilərinin gələn il iyunun 7-də keçirilməsi planlaşdırılıb.

Nikol Paşinyanın kilsəni “antixristlərdən” təmizləyəcəyi barədə sözlərinə gəldikdə isə bildirilir ki, xristian teologiyasında hərfi mənada kimsənin "İsa Məsihin qisasını alması" anlayışı yoxdur. İsanın çarmıxa çəkilməsi, qisas alınmalı olan bir ədalətsizlik aktı deyil, Allahın insanlığı günahdan xilas etmə planının bir hissəsi kimi qəbul edilir. Xristian inancı öyrədir ki, İsa insanların günahlarını bağışlamaq üçün könüllü olaraq çarmıxda ölümü qəbul etmişdir.

Bundan əlavə, İsanın qisasını almaq fikri əvəz çıxmağa deyil, bağışlamağa və sevgiyə çağıran xristian əxlaqına ziddir. Qisas əvəzinə, xristianlıq İsanın dirilişinə - ölüm və günah üzərində qələbənin simvolu kimi ona iman vasitəsilə günahların bağışlanması imkanına inanmağı təklif edir...

Onda belə çıxır ki, Qareqin və erməni “milli qəhrəmanların” ifşası ümumermənilərin bəladan, türk düşmənliyi hikkəsindən, qonşu torpaqlarına iddiadan qurtuluşuna xidmət edir. Bu, həm də Ermənistanın siyasi-ideoloji baxımdan təmizlənməsinə xidmət edir. Paşinyanın “milli qəhrəmanlar” yetişdirən kilsəyə, onun lideri Qareqinə hücumları ermənilər üçün xilas sayılır. Hər halda türk düşmənliyi və qonşuların torpaqlarına iddialardansa, katolikosun, koçaryanların, sarqsyanların, ohanyanların ermənilərin tarix kitabındakı qara ləkələrin müəllifləri kimi düşməsi daha uyğun görünür. Çünki üfürülüb şişirdilən katolikoslar bir vaxt özünü böyük görüb, ağasının da üstünə cuma bilər.

Odur ki, Ermənistanda hökumətin antixristlərə qarşı mübarizəsi yeni İsa Məsihin ardıcılı gələnədək davam edəcək. Bu məşhərə isə bir il qalır. Paşinyan da özünü 13-cü həvari kimi aparır.

Sədrəddin İsmayılov,
REPORT

Seçilən
6
2
musavat.com

10Mənbələr