AZ

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib - YENİLƏNİB FOTO



İyulun 8-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Musa Quliyev, Arzu Nağıyev, deputatlar Kamran Bayramov, Tahir Mirkişili, Soltan Məmmədov, Tural Gəncəliyev, Vüqar Bayramov, Asif Əsgərov çıxış ediblər.
Millət vəkilləri iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, bu tədbir ölkəmizin suverenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağda sülh və yenidənqurma siyasətini, Azərbaycanın bölgədə təhlükəsizliyi təmin edən sabit və güclü dövlət olduğunu beynəlxalq aləmə bir daha nümayiş etdirdi. Qeyd olunub ki, xarici ölkə prezidentlərinin, baş nazirlərin bu görüşdə iştirakı Azərbaycanın mövqeyinin dəstəklənməsinin və bölgədə lider dövlət kimi tanınmasının göstəricisi idi. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirdə iştirakı Azərbaycanın diplomatik gücünün bariz nümunəsi idi. Habelə nəzərə çatdırılıb ki, Prezidentimizin təşəbbüsləri nəticəsində ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatında mühüm islahatlar tətbiq edilib. Belə ki, İƏT çərçivəsində Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Şuşada Biznes Forumu təşkil olunub. Vurğulanıb ki, Xankəndidə keçirilmiş və siyasi, ideoloji önəm daşıyan bu Zirvə görüşü həm də region ölkələri arasında iqtisadi, mədəni, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verəcək.
Çıxışçılar, habelə 2025-ci ilin hadisələrinə nəzər salaraq, XII Qlobal Bakı Forumunda, ADA Universitetində təşkil edilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq Forumda Azərbaycanın dünyada hökm sürən geosiyasi böhrandan çıxmaq üçün əsas istiqamətləri təklif etdiyini bildiriblər. Bununla yanaşı, qeyd edilib ki, Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasları Azərbaycanın dünyada etibarlı enerji tərəfdaşı kimi nüfuzunu daha da möhkəmləndirdi.
Millət vəkilləri Azərbaycan Prezidentinin cari ildə keçirdiyi görüşlərin, etdiyi səfərlərin, qatıldığı mühüm əhəmiyyətli tədbirlərin önəmindən bəhs edərək, bunun sülh və sabitliyin möhkəmlənməsinə, ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsinə əvəzsiz töhfələr verdiyini vurğulayıblar.
Deputatlar Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfərini, əldə edilən nəticələri də yüksək qiymətləndiriblər. Millət vəkilləri Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsində parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər.
Sonra parlamentin sədri Sahibə Qafarova bu gün 15 məsələnin müzakirə ediləcəyini və gündəliyin ilk 10 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Spiker birinci məsələnin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş) olduğunu deyib. O, bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlinin, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun iclasda iştirak etdiklərini söyləyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsini təqdim edib. O, sənədin həm Naxçıvan Ali Məclisində, həm də Milli Məclisdə geniş müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq. Əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən,  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirir. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək. Həmçinin,  Muxtar Respublikanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Sənəddə, habelə   Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər də nəzərdə tutulub.
Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.
Nəzərə çatdırılıb ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.
Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova xatırladıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. O, qeyd edib ki, bu gün hər iki Konstitusiya qanunu üzrə birinci səsvermə başa çatdırılıb, 6 aydan sonra isə həmin qanunlara ikinci səsvermədə münasibət bildiriləcək.
Parlamentin sədri növbəti 2 məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O, habelə nəzərə çatdırıb ki, bugünkü iclasda energetika nazirinin müavini Orxan Zeynalov, Energetika Nazirliyinin şöbə müdirləri İbrahim Ağayev, Ələsgər Həsənov, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov iştirak edirlər.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. Komitə sədri birinci və ikinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini, layihədə heç bir dəyişiklik edilmədiyini deyib və sənədin səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Sonra Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri layihənin "Qaz təchizatı haqqında" qanun layihəsinə uyğun olaraq hazırlandığını, birinci və ikinci oxunuşda bu barədə məlumat verildiyini deyib, sənədin səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 61-ci maddəsinin yeni redaksiyada – “qazın saxlanmasına icazə” kimi verilməsini nəzərdə tutur.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, sənədin mətnində heç bir dəyişikliyin edilmədiyini bildirib və onun səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir.
İclasda energetika nazirinin müavini Orxan Zeynalov çıxış edərək, əvvəlki oxunuşlar zamanı layihə ilə bağlı verilən sualları cavablandırıb, qaldırılan məsələlərə münasibət bildirib. O, qeyd edib ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsi və bunun mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq, onun strukturlaşdırılması hesabına əldə olunmasıdır. Bu yenilik həm də hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün azalması üçün müəyyən iqtisadi zəmin yaradacaq.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, layihə barədə birinci və ikinci oxunuş zamanı ətraflı məlumat verildiyini deyib və hər hansı təklifin daxil olmadığını nəzərə alaraq, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Millət vəkili bildirib ki, layihə prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişiklikdə prokurorluq işçilərinin qulluqda olmasının son yaş həddinin 60 yaşdan 65 yaşa qaldırılması təklif edilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. O, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səslənən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib. Komitə sədri təklif olunan dəyişikliyin polis orqanlarının fəaliyyətinin maliyyələşdirilməsində tətbiq ediləcək mexanizmlə bağlı olduğunu qeyd edib.
Layihə polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən bəzi qeyd və təkliflərin səsləndirildiyini, ikinci oxunuş zamanı isə qaldırılan məsələlərə münasibət bildirildiyini söyləyib. Komitə sədri sənədə dair komitəyə əlavə təklifin daxil olmadığını deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair qüvvədə olan mövcud tələblərin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması məqsədi daşıyır. Təklif edilən dəyişikliyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov sənədə dair bu komitənin müsbət rəyini səsləndirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, təklif edilən dəyişikliklərin bir sıra normaların təkmilləşdirilməsi və dəqiqləşdirilməsi xarakteri daşıdığını, layihədə heç bir dəyişikliyin edilmədiyini deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə Mülki Prosessual Məcəllədə və İnzibati Xətalar Məcəlləsində "prokuror" ifadəsinin dəqiqləşdirilərək "ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror" ifadəsi ilə əvəz edilməsi təklif edilir. Cinayət-Prosessual Məcəlləsinə edilən əlavəyə əsasən, icraatında mülki iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə görə isə barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə şikayətə baxılması üçün vəsatətin verilməsi təklif olunur.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sənəd barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Komitə sədri qanun layihəsinin mahiyyəti barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verdiyini, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun isə məsələnin iqtisadi tərəfləri barədə məlumat verdiyini qeyd edib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihənin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin son 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı səslənən fikirlərə münasibət bildirib, bəzi məsələlərə aydınlıq gətirib.
Layihədə "Media subyekti" anlayışı Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib. Dəyişikliklərdə habelə xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir. Bununla yanaşı, "xarici jurnalistlər" ifadəsi "xarici media nümayəndələri" ifadəsi ilə əvəzlənir.
Sənəddə, həmçinin saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir.  Media Reyestrində olmayan, şantaj, böhtan xarakterli, qərəzli materiallar, saxta məlumatlar dərc edən qəzetlərin fəaliyyətinin qarşısının alınması məqsədilə onların nəşri və yayımı qadağan olunur. Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu birbaşa təsbit edilir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev təmsil etdiyi komitənin məsələyə dair müsbət rəyini səsləndirib.
Deputatlar Vüqar Bayramov, Aydın Mirzəzadə məsələ ilə bağlı fikir və qeydlərini açıqladıqdan sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Spiker bildirib ki, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov və İcra Xidmətinin rəis müavini Yaqub Qurbanov iclasda iştirak edirlər.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, xüsusi icra məmuru institutunun yaradılması məsələsi ölkə Prezidentinin müvafiq Fərmanında öz əksini tapıb. Komitə sədri bununla bağlı xarici təcrübədə müsbət nəticələrin əldə edildiyini söyləyib, ölkəmizdə məhkəmə qərarlarının icrasında bəzi problemlərin mövcud olduğunu deyib. O, sənədin bu sahədə fəaliyyətin daha səmərəli qurulmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
Qanun layihəsi xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyir. Layihəyə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunur. Layihədə xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsasları, fəaliyyət prinsipləri, onun tələblərinin məcburiliyi, habelə xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri ilə bağlı müddəalar öz əksini tapıb.
Sənəddə, habelə qeyd olunur ki, xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra Məmurlarının Palatasıdır. Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, onların fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir.
Bununla yanaşı, layihədə xüsusi icra məmuruna dair tələblər qoyulur. Bildirilir ki, ali təhsilli və bu Qanunun 1-ci, 7.2-ci və 7.3-cü maddələrinin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşı xüsusi icra məmuru ola bilər. Həmçinin icrası xüsusi icra məmurları tərəfindən həyata keçirilən icra sənədlərinin növləri, icra sənədlərinin xüsusi icra məmurunun icraatına yönəldilməsi qaydası təsbit olunur. Xüsusi icra məmurunun hüquq və vəzifələri, onların dövlət orqanları ilə əməkdaşlığı ilə bağlı məsələlər, eyni zamanda, xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətlə bağlı müddəalar əks olunur.
Növbəti məsələ olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,  Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik etdikləri komitələrin bu qanun layihəsi barədə müsbət rəylərini diqqətə çatdırıblar.
Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
O, layihənin məhkəmə qərarlarının icrasının bir elementi olan hərracın aparılma prosesi ilə bağlı olduğunu bildirib. Komitə sədri qanunvericilikdə və təcrübədə elektron icranın, elektron hərracın mövcud olduğunu deyərək, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan bu layihənin həmin prosesin daha da təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
Qanun layihəsi icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə dair rəhbərlik etdikləri komitələrin müsbət rəylərini bildirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin komitə sədri Əli Hüseynli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb.
O, bildirib ki, layihə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Habelə qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur.
Sənəddə şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Layihədəki digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, İAMAS (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Bu, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Sənədlə bağlı müzakirələrdə komitə sədri Fazil Mustafa bəzi qeydlərini səsləndirib. Əli Hüseynli qaldırılan məsələyə aydınlıq gətirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.




Seçilən
11
9
aia.az

10Mənbələr