Bu günlərdə Ukrayna mediasında ölkənin hərbi kəşfiyyatına istinadən məlumat yayılıb ki, Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır. O da vurğulanır ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır.
Düzdür, məsələ həm Ermənitan, həm də Rusiya tərəfindən təkzib olunur. Amma prosesin əslində bu istiqamətdə cərəyan etdiyini deyənlər də az deyil.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargah rəisi vəzifəsini icra edən general-mayor P. Zemskovun teleqramını dərc edib. Kəşfiyyatın mətbuat xidmətinin məlumatına görə, sənəddə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşunları komandanının Gümrü şəhərindəki Rusiya hərbi bazasının tam komplektasiya yolu ilə rus qoşunları qrupunun artırılması haqqında əmri var. Bildirilir ki, teleqramda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci, 18-ci, 49-cu və 58-ci birləşmiş silahlı qoşunlarının hərbi qulluqçuları arasından şəxsi heyətin seçilməsi yolu ilə Rusiya bölməsinin hissələrinin təcili tam komplektləşdirilməsi üçün tədbirlərin siyahısı göstərilir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vurğulayır ki, baş verənlər Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər: “Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur. Həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Rusiya Gürcüstanı tam hərbi nəzarətinə almağı planlaşdıra bilər. Rusiyanın strateji məqsədləri tam aydındır: Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin bir vaxtlar Rusiyanın nüfuz zonası olan bölgəyə müdaxiləsini əngəlləmək, Suriyadakı məğlubiyyətin qisasını almaq, bu prosesdə Gürcüstanı geridönülməz şəkildə tabe etmək”. Sabiq prezidentin ikrincə, buna ən yaxşı cavab Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması və Gürcüstanın etiraz hərəkatına İvanişvili rejimindən xilas olmaqda köməklik göstərilməsi olardı. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi informasiya-psixoloji əməliyyat həyata keçirmək cəhdində uğursuzluğa düçar olub. Bu dəfə onun hədəfi Rusiya deyil, Ermənistan və dolayısı ilə Azərbaycan olub. Baş Kəşfiyyat İdarəsi özünün teleqram kanalında Rusiyanın Ermənistanda hərbi mövcudluğunu təcili artırması ilə bağlı məlumat yayıb. Belə bir məlumatın məqsədi ölkəmizi Ukrayna kəşfiyyatçılarının və ya onların xarici kuratorlarının uydurduğu başqa bir oyuna cəlb etmək üçün Ermənistana təzyiq göstərmək cəhdidir. Axı iddia olunur ki, Moskva Gümrüdəki bazasını fəal şəkildə gücləndirir, Rostov və Volqoqrad vilayətlərində, Krımda hərbi kadrlar toplayır, həmçinin Şimali Qafqaz xalqları arasından könüllülər cəlb edir.Lakin bu dezinformasiya heç bir tənqidə tab gətirmir və ən əsası Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən dərhal təkzib edilib. Xarici siyasət idarəsi rəsmi bəyanatında açıq şəkildə vurğulayıb: ölkəmizin ərazisi üçüncü dövlətlər tərəfindən qonşulara qarşı hərbi əməliyyatlar üçün istifadə edilə bilməz. Cavab konkret və aydındır.
Bu dezinformasiyanı gündəmə gətirənlər və yayanlar ümumiyyətlə regionun, xüsusən də Ermənistanın vəziyyətini öyrənməyə belə ehtiyac duymayıblar. Belə olmasaydı, anlayardılar ki, Rusiyanın Ermənistanda hərbi təsiri get-gedə azalır. Ölkəmiz Kremli qıcıqlandırır, çünki o, xarici siyasət vurğularını dəyişir və demokratik Qərbə yaxınlaşır.
Bütün bunları görən Rusiya ölkəmizdə dövlət çevrilişi etməyə cəhd etdi. Üstəlik, Kremlin bu planının əsas fiqurlarından biri Samvel Karapetyan idi ki, onun müdafiəsində Putinin bütün təbliğat maşını ayağa qalxmışdı. Çoxdan Ukraynanın və ukraynalıların mövcud olmaq hüququnu inkar edən eyni yanaşma Ermənistana da sərgilənirdi. Görünür ki, heç bir şey daha sadə ola bilməz - dezinformasiyanı tətbiq etməzdən əvvəl məsələni öyrənin! Lakin Ukrayna kəşfiyyatı başqa yol tutdu. Nəticədə biz gördük ki, Azərbaycanın ərazi bütövlüyünü hər zaman açıq şəkildə dəstəkləyən Ukrayna bu gün faktiki olaraq Ermənistanı Rusiya ilə münaqişəyə sürükləməyə çalışır - və bu, İrəvanın özünün suveren xarici siyasət strategiyasını qurduğu bir vaxtda baş verir. Üstəlik, bunu artıq üç ildir ki, Ukraynanın özünü məhv edən müharibə fonunda edir.
Ukrayna kəşfiyyatının iddialarının maddi-texniki uyğunsuzluğu da xüsusi diqqətə layiqdir. Topoqrafiyanı, silahlı qüvvələrini, qarşılıqlı fəaliyyət səviyyəsini və siyasi iradəsini nəzərə alsaq, Ermənistan ərazisindən Azərbaycana nəzəri “təhlükə” absurd görünür. Bunu hamı başa düşür, o cümlədən regionun ekspert icması da. Aydındır ki, teleqramda dərc olunan xəbər dərin təhlilin nəticəsi deyil, bəlkə də diqqəti Ukraynanın daxili problemlərindən yayındırmaq üçün tələsik hazırlanmış təbliğat hücumudur. Şəxsi faktoru istisna etmək olmaz: uzun müddət Kiyevdə təkcə kəşfiyyatçı kimi deyil, həm də siyasətçi kimi qəbul edilən Kirill Budanovun ambisiyaları da var. Ola bilsin ki, o, Ukraynadakı hakimiyyət böhranı fonunda öz çəkisini artırmağa çalışır. Mümkündür ki, kimsə sadəcə olaraq Kirill Budanova yanlış və təxribat xarakterli məlumatlar verməklə ona qarşı oyun qurub. Bu, Ukrayna reallığı üçün ənənəvi olan siyasi, pərdəarxası oyunlar sayəsində mümkün olur. Əslində, bu ölkə başqa şeylərlə yanaşı, onun siyasi elitası milli yox, şəxsi yönümlü olduğu üçün zərər çəkir. Bu, Ukrayna və ukraynalılar üçün yeni faciələrin açarıdır. Bizim üçün ən yaxşısı bu və ya digər tərəfi tutmadan bunu kənardan izləməkdir. Ermənistanın təxribatlara boyun əyməməsi vacibdir. Biz xarici aktorların deyil, öz dövlətimizin maraqlarına əsaslanan yeni təhlükəsizlik modelinin qurulması mərhələsindəyik. Bizi başqasının müharibəsinə sürükləmək cəhdləri sərt şəkildə, diplomatiya və siyasi liderlik səviyyəsində dayandırılmalıdır. Biz artıq başqasının oyunlarının arenası olmamalıyıq”.
Samirə SƏFƏROVA